Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaqda təqsirləndirilən Rəşad Abiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, sahibkar olan R.Abiyev güclü təsir edən dərmanları qanunsuz satmaqda təqsirli bilinərək həbs edilib. O, Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən dərmanları öz aptekində satıb.

Daha sonra R.Abiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.