Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ramin Ayvazov və Hüseyn Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Prosesdə zərərçəkmiş Teymur Cəlilov ifadə verib. T. Cəlilov həmin şəxslərin ondan pul tələb etdiklərini, hədə-qorxu gəldiklərini deyib.

Zərərçəkmişin ifadəsi təqsirləndirilən şəxslər tərəfindən etirazla qarşılanıb.

Onlar prosesdə səs-küy salıb, qalmaqal yaradıb və zərərçəkmişlə mübahisə ediblər. Lakin Pentinensiar Xidmətin əməkdaşları və məhkəmə mühafizəçilərinin səyi nəticəsində onlar zaldan çıxarılıb.

Buna görə məhkəmə prosesi dayandırılıb.

Proses sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il dekabrın 15-dən 16-na keçən gecə Səbail rayonu ərazisində yaşayan Teymur Cəlilovun evindən məişət əşyaları oğurlanıb. Dekabrın 17-də şəxsiyyəti məlum olmayan 2 nəfər Teymur Cəlilovu bıçaqla hədələyiblər və onun mobil telefonunu alıblar.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Ramin Ayvazov və əvvəllər məhkum olunmuş Hüseyn Rəhmanov tutulublar.