Putin dayanmır: 70 nəfərlik "xüsusi təyinatlı dəstə" Ukraynada
Kreml bu ölkədəki qoşunlarını leqallaşdırmağın yolunu tapdı

Rusiya Donetsk vilayətinin Debaltsevo şəhəri ətrafına "xüsusi təyinatlı dəstə" göndərib. "unian.net" saytı xəbər verir ki, bu barədə Ukrayna xalq deputatı, "İnformasiya müqaviməti" qrupunun rəhbəri Dmitri Tımçuk "Facebook" səhifəsində bildirib.
Onun sözlərinə görə "xüsusi təyinatlı dəstə" Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdindəki Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq hərbçiləridir. Hərbi ekspert Alçevska istiqamətindən göndərilən "xüsusi təyinatlı dəstə"nin tərkibində 70-ə qədər sabiq hərbçinin olduğu deyilir.
Xalq deputatı qeyd edir ki, Debaltsevoda məhv edilən separatçıların cəsədlərinin növbəti partiyası Krasnıy Luça çatdırılıb. Dmitri Tımçuk onlardan çoxunun Rusiya vətəndaşları olduğunu bildirib. Yerli sakinlər qohumlarının cəsədlərini götürəndən sonra qalanları Rusiyaya yola salınıb.

Kremlin hiyləsi
"Donbas hövzəsinə sülhməramlıların göndərilməsi ideyası prinsip etibarilə müzakirə edilə bilər". Bu barədə isə Moskvada keçirdiyi brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaş bildirib.
"Sabahkı (bugünki - red.) görüşdən asılı olmayaraq demək istəyirəm ki, bu cür ideyalar ekspertlər səviyyəsində müzakirə edilir. Sabah prezidentlərin görüşündə də sülhməramlıların Donbasa göndərilməsi ideyası müzakirə edilə bilər. Amma dəqiq fikir söyləmək çətindir. Danışıqların gedişatına baxacağıq", - Lukaş deyib.
Ukraynalı ekspertlər hesab edir ki, Rusiya sülh missiyası bəhanəsi ilə Donbas hövzəsinin işğal edilmiş ərazilərində yerləşdirdiyi qoşunlarını leqallaşdırmaq niyyətindədir.

BMT-dən Kremlin "sülhməramlı planı"na zərbə

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynaya sülhməramlıların göndərilməsi üçün şərtləri açıqlayıb.
RİA informasiya agentliyi xəbər verir ki, BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farxan Xak bu barədə qərarın yalnız BMT Təhlükəsizlik Şurasında qəbul edilə biləcəyini deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında bu məsələnin müzakirəyə çıxarılması üçün Ukraynadan müraciət daxil olmalıdır. BMT-nin rəsmi nümayəndəsi qeyd edib ki, qurum hazırkı mərhələdə bu məsələ ilə bağlı aparılan müzakirələrdən xəbərsizdir.

Putin Krım tatarlarının müraciətinə
rədd cavabı verdi

Bu arada ötən ilin mart ayında Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasının Yalta şəhərində "Böyük üçlüyün" (İosif Stalin, Uinston Çörçil və Franklin Ruzvelt) abidəsinin açılışı olub.
publika.az "lenta.ru" saytına istinadən xəbər verir ki, abidə Hitler əleyhinə koalisiyaya daxil olan ölkələrin liderlərinin Yaltada görüşünün 70-ci illiyi münasibətilə ucaldılıb.
Abidə Rusiya heykəltəraşı Zurab Sereteli tərəfindən yaradılıb və ötən ilin noyabr ayında Krıma çatdırılıb. Qeyd edək ki, Hitler əleyhinə koalisiyanın üç ölkəsi - SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin iştirakı ilə Yalta konfransı 1945-ci il fevralın 4-dən 11-dək keçirilib.
Krım tatarlarının milli hərəkatı isə "Böyük üçlüyün" abidəsinin ucaldılması ilə bağlı Krım hakimiyyətinin qərarına etiraz edib. Hərəkatin nümayəndələri abidənin ucaldılmasını "terror və neostalinizmə qayıdışın açıq əlaməti kimi" qiymətləndiriblər. Hesab olunur ki, abidənin ucaldılması Krım cəmiyyətində ən böyük parçalanmaya gətirib çıxaracaq. Hərəkatın etiraz məktubu Rusiya prezidenti Vladimir Putin, Dövlət Duması, Federasiya Şurası və Rusiya Baş prokurorluğuna göndərilib. Görünür, müraciət lazımı nəticəni verməyib.
Abidəyə qarşı fevralın 4-də Krım tatarlarının lideri, Ukrayna prezidentinin Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cəmilov da qarşı çıxıb. O, bu addımı Rusyanın təxribatı kimi qiymətləndirib.
Kənan Rzaquliyev