Hacıbala Abutalıbov daha bir qalmaqal yaratdı
Bakı merinin qanunsuz sərəncamları bir-bir üzə çıxır

Bakı Şəhər İcra Hakimiyyətinin Sabunçu rayonu ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan ərazi üzrə sərəncam verməsi, qarşı tərəfin məhkəməyə müraciət etməsinə səbəb olub.
Bu barədə mia.az-a daxil olan məlumata görə, ARDNŞ tərəfindən qaldırılan iddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyəti də üçüncü şəxs qismində məhkəməyə cəlb olunub: "ARDNŞ meriyanın rayon icra hakimiyyətinin razılığı ilə verdiyi sərəncam və qərarların ləğvini tələb edir. Bir neçə gün əvvəl isə ARDNŞ-in iddiası üzrə Bakı Apellyasiya Məhkəməsində növbəti proses keçirilib".
Bir neçə gün öncə sözügedən məhkəmədə hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə yeni qərar açıqlanıb: "Hakim Mirzə Tağızadə işə yenidən birinci məhkəmə instansiyasında baxılması haqda qərar verdi. Yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunaraq, iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərildi. Bu isə onu göstərir ki, yaxın həftələrdə ARDNŞ-lə iki icra strukturu arasında yeni qalmaqala start veriləcək".
Əslində ARDNŞ-in mövqeyi və tələbi başadüşüləndir. Məsələ burasındadır ki, Hacıbala Abutalıbovun paytaxta icra başçısı təyin edildikdən sonra Bakıda torpaq satışı hədsiz vüsət alıb. Bu zaman bir çox hallarda qanunun tələblərindən kənara çıxılıb. Satılmasına icazə olmayan torpaqlar da vətəndaşlardan külli miqdarda pullar alınaraq onlara satılıb.
Nəticədə isə indi bunun əziyyətini həm ayrı-ayrı dövlət qurumları (ARDNŞ, "Azərenerji", "Azərsu" və s.), həm də sadə vətəndaşlar çəkməli olur.
Mətbuat Bakı meriyasının paytaxtın ayrı-ayrı rayonlarının icra hakimiyyətləri ilə əl-ələ verərək, qanunsuz sərəncamlara qol qoyduğunu illərdən bəridir yazırdı. Amma bu meriya və digər qurumlar tərəfindən təkzib edilir, "yalan və böhtan" kimi qələmə verilirdi. Ancaq indi Abutalıbovun rəhbərlik etdiyi qurumun artıq həmin qanunsuz sərəncamlarla bağlı dövlətin öz strukturları tərəfindən məhkəməyə verilməsi əslində yalanı kimin danışdığını göstərir.
Ekspertlər də istisna etmirlər ki, biz artıq Abutalıbova və onun meriyasına, paytaxtın ayrı-ayrı icra hakimiyyəti başçılarına qarşı belə məhkəmə müraciətləri barədə tez-tez eşidəcəyik. Burada qaranlıq qalan isə bircə budur: qanunsuz sərəncamları ləğv etməklə iş bitəcəkmi, belə qanunsuzluqlara qol qoyanlar cəzalandırılmayacaqmı?
Digər tərəfdən, unutmayaq ki, meriyanın həmin qanunsuz sərəncamlarının ləğvi xeyli vətəndaşı da pis vəziyyətdə qoyur, onların minbir əziyyətlə qazandıqları pulların havaya buxarlanmasına gətirib çıxarır. Bəs həmin vətəndaşların haqları necə qorunacaq? Onları belə situasiya ilə üz-üzə qoyanlar cəzalarını almayacaqlarmı?
Qoy buna da əlaqədar dövlət qurumları cavab versinlər.

Azər Aslan