Səfir Azərbaycan və Xorvatiyanın iqtisadi tərəfdaşlığından danışdı
Səfir Azərbaycan və Xorvatiyanın iqtisadi tərəfdaşlığından danışdı

"Hazırda əminliklə demək olar ki, Azərbaycan və Xorvatiya mövcud əlaqələri daha yüksək strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdırlar"

Bu barədə Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev deyib.
Səfirin sözlərinə görə, hazırda müxtəlif istiqamətlərdə Azərbaycan və Xorvatiya arasında münasibətlərin və xüsusilə iki ölkə hökumətləri arasında intensiv siyasi fəaliyyətin yüksək dinamik inkişafı müşahidə edilir: "Ötən bir neçə il ərzində iki ölkə arasında bir çox səfərlər, o cümlədən yüksək səviyyədə səfərlər həyata keçirilib. Müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb".
K.Xasiyev qeyd edib ki, müvafiq olaraq, 2005-ci və 2007-ci illərdə baş tutan Azərbaycan və Xorvatiya prezidentlərinin ilk qarşılıqlı səfərləri iki ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verdi.
Cari ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya, 2012-ci ildə isə Xorvatiya Prezidenti İvo Yosipoviçin Azərbaycana səfəri baş tutub. Ölkələr arasında müxtəlif səviyyələrdə siyasi dialoq qurulub. Xarici İşlər nazirlikləri arasında mütəmadi olaraq məsləhətləşmələr aparılır. Sonuncu belə məsləhətləşmə bu ilin martında olub. Hər iki ölkənin parlamentində Azərbaycan və Xorvatiya arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir, ATƏT, NATO və Aİ-nin parlament assambleyaları çərçivəsində qarşılıqlı fəaliyyət aparılır, bu ilin iyulunda isə Xorvatiya Parlamentinin sədri Yosip Lekonun Azərbaycana rəsmi səfəri baş tutub.
Diplomat bildirib ki, Azərbaycanın milli təhlükəsizlik konsepsiyasına uyğun olaraq, Cənub-Şərqi Avropa ölkələri ilə ikitərtəfli və çoxtərəfli əsaslarda münasibətlər ölkə üçün xarici siyasətin əsas prioritetlərindən biridir: "Son illər region ölkələri, xüsusilə Xorvatiya ilə müşahidə edilən əməkdaşlığın aktivləşməsi dövlətin düşünülmüş xarici siyasi strategiyası çərçivəsində həyata keçirilir".
Tərəflər mövcud əlaqələri daha yüksək strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdırlar. Bununla əlaqədar, səfir "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq haqqında Zaqreb bəyannaməsi"nin vacibliyini qeyd edib.
K.Xasiyevin sözlərinə görə, sənədə əsasən, tərəflər iqtisadiyyat, ticarət, müdafiə, təhlükəsizlik, turizm, nəqliyyat, elm, texnologiya, mədəniyyət, idman, gənclər və s. sahələrdə də strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək barədə razılığa gəliblər: "Səfirlik isə öz tərəfindən ölkələrimiz və xalqlarımız naminə ümumi hədəfləri həyata keçirmək üçün məqsədyönlü çalışacaq".
Diplomat vurğulayıb ki, cari ilin iyulunda Aİ-nin 28-ci üzvü olan Xorvatiya Brüsselin tələblərinə əsasən, heç də asan olmayan və uzun davamlı islahatlar məktəbini keçdi: "İnteqrasiya proseslərində bu ölkənin qazandığı geniş təcrübə Azərbaycan üçün faydalı ola bilər. Nəzərə almaq lazımdır ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Xorvatiya bu istiqamətdə öz təcrübəsini bölüşməyə hazır olduğunu dəfələrlə bəyan edib".

Ticari-iqtisadi
münasibətlər

Səfirin sözlərinə görə, Cənub-Şərqi Avropanın qabaqcıl dövlətlərindən olan, Aralıq dənizi və Mərkəzi Avropanın kəsişməsində strateji coğrafi mövqeyə malik olan Xorvatiyanın çoxsahəli iqtisadiyyatı, bol təbii resursları, zəngin mədəni irsi var. Xorvatiya dost xalqdır.
Diplomat vurğulayıb ki, Xorvatiya bütün əsas məsələlər üzrə mövqelərimizin üst-üstə düşdüyü və beynəlxalq hüquq norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyən ölkədir: "Əlbəttə ki, biz mövcud gözəl siyasi zəmində güclü iqtisadi tərəfdaşlıq da yaratmalıyıq. Bu istiqamətdə artıq vacib addımlar atılır".
K.Xasiyevin sözlərinə görə, iqtisadi əlaqələrin inkişafı Azərbaycan-Xorvatiya münasibətlərinin əsas prioritetlərindən biridir ki, bu da artan ikitərəfli ticarətdə əks olunur.
Son bir neçə il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi əsasən neft və neft məhsulları hesabına xeyli artıb. Lakin diplomat qeyd edib ki, Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həmçinin qarşılıqlı maraq doğuran digər sahələrdə də iqtisadiyyatın şaxələndirilməsini və əməkdaşlığın inkişafını vacib hesab edir.
K.Xasiyev bildirib ki, ikitərəfli ticarətdə əmtəə dövriyyəsinin həcminin artırılması və malların siyahısının şaxələndirilməsi üçün böyük potensial mövcuddur: "Xorvatiyanın maşınqayırma, gəmiqayırma, telekommunikasiya, əczaçılıq, turizm və digər sahələrdə zəngin təcrübəsi var. Azərbaycan bu sahələrə maraq göstərə bilər. Məsələn, Azərbaycan artıq uzun illərdir ki, Xorvatiyadan bərələr alır, onlardan son ikisi 2012-ci ildə Bakıya çatdırılıb".
Səfir bildirib ki, indiyədək qlobal iqtisadi böhranın fəsadları ilə mübarizə aparan Xorvatiya xarici investisiyaların cəlb edilməsi üçün Aİ-yə daxil olmasından maksimum istifadə edir.
Diplomatın sözlərinə görə, iqtisadiyyatın canlandırılması prosesini aktivləşdirmək məqsədilə Xorvatiya təkcə Aİ və qonşu ölkələrlə deyil, həm də Xorvatiyanın əsas potensial iqtisadi tərəfdaşları sırasına daxil edilmiş Azərbaycan kimi perspektivli investor ölkələrə də diqqət ayırmağı qərara alıb. Ölkədə bir çox cəlbedici investisiya layihələri mövcuddur və Azərbaycan qarşılıqlı mənfəət əsasında Xorvatiya layihələrində iştiraka hazır olduğunu dəfələrlə bəyan edib".

Enerji əməkdaşlığı

K.Xasiyev deyib: "Enerji sahəsində əməkdaşlığa gəlincə, Xorvatiyanın bu istiqamətdə də yaxın tərəfdaşımızın olacağına əminəm".
Diplomatın sözlərinə görə, Azərbaycan Prezidentinin Xorvatiyaya sonuncu səfəri çərçivəsində ARDNŞ və Xorvatiyanın "Plinacro" şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum da imzalanıb: "Xorvatiya "Cənub dəhlizi" layihəsi və Azərbaycan qazının Avropaya çatdırılması kontekstində Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. TAP İonik-Adriatik qaz kəmərinin (IAP) köməyilə Xorvatiya ilə birləşəcək".
Fuad