Regionlar nisbi sakitlikdən çıxır
Regionlar nisbi sakitlikdən çıxır

Salyanın mərkəzini su basıb, Sabirabadda aksiya keçirilir, Biləcəridə isə insanlar susuzluqdan əziyyət çəkirlər

Rayonlarda yaşayan insanlar zaman içində üzləşdikləri sıxıntılar və çətinliklərdən dolayı bir sıra etirazlara baş vursalar da, bu, total şəkil almayıb. Amma indiki məqamda durum elədir ki, hər an hər şeyin ola biləcəyi gözləniləndir. Çünki insanlar daha əvvəlki kimi idarə olunmaq istəmirlər. Və onlar yeniliklərin baş verməsini tələb etməyə başlayıblar. Problemlər isə əyalətləri daha da sıxışdırmaqdadır.

Salyanın mərkəzini
su basdı

Ötən günlərdə xəbər vermişdik ki, aprelin əvvəlindən etibarən Salyan rayonunun mərkəzində yerləşən evlərə qrunt suları dolmağa başlayıb. İlkin mərhələdə əhalinin özü bu problemin öhdəsindən gələ bilsə də, sonradan suyun səviyyəsinin artması səbəbindən artıq onun öhdəsindən gəlmək mümkün olmayıb.
Dünən aldığımız məlumata görə, rayonun mərkəzindəki evlərin zirzəmiləri və bəzi evlərin həyətləri artıq qrunt sularının altında qalıb. Sakinlər vəziyyətin bu şəkil almasını görərək yerli İcra Hakimiyyətindən yardım tələb edirlər.
Bizə məlumat verən Salyan sakini bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il qrunt sularının həcmi daha çoxdur və onun evləri basması sürətlə baş verir.
Onun dediyinə görə, hər il eyni vəziyyət yaşansa da, rəsmi qurumlar bu problemi çözmək üçün heç bir addım atmırlar. Hətta iş o yerə çatıb ki, etdikləri şikayətlərə əhəmiyyət belə verən olmur.
Salyan rayon İcra Hakimiyyətindən aldığımız məlumat isə ondan ibarətdir ki, vəziyyət stabildir və təhlükəli olan heç nə yoxdur. Oradan deyiblər ki, qrunt sularının qarşısını almaq məqsədi ilə Azərbaycan hökuməti Yaponiya ilə müqavilə bağlayıb. Belə ki, həmin müqaviləyə əsasən, Salyanda qrunt sularının axıdılması üçün drenajlar inşa ediləcək və bu prosesə yaxın günlərdən başlanılacaq.

Sabirabadda 500 nəfərlik
aksiya keçirildi

Sabirabadda isə növbəti gərginlik baş qaldırıb. Vəziyyət belədir ki, dünəndən etibarən rayonda etiraz aksiyalarına start verilib.
Aldığımız məlumata görə, aksiyanın keçirilməsinə səbəb Sabirabadda polis tərəfindən saxlanılaraq 12 sutka həbs cəzasına məhkum edilən "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevə dəstək vermək olub.
Verilən məlumatda deyilir ki, aksiya iştirakçıları ilk olaraq Şirvan və Sabirabad rayonlarını birləşdirən Kür çayı üzərindəki körpünü bağlamağa cəhd göstəriblər. Əraziyə əlavə polis qüvvələri cəlb olunsa da, onların qarşısını almaq mümkün olmayıb. Ardından Kür çayı üzərindəki körpünü bağlayan Sabirabadın Minbaşı kəndinin əhalisini polis dağıda bilmədiyindən və məcbur olaraq əraziyə Daxili Qoşunların qüvvələri cəlb edilib.
Məlumatlarda deyilir ki, polislə qarşıdurma zamanı bir qadını huşunu itirib. Qarşıdurma zamanı sakinlərin əllərində tutduğu İlham Əliyevin bir neçə şəkli cırılıb. Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Həsən Həsənov əraziyə gələrək sakinlərə söz verib ki, problemləri həll olunacaq. Deyib ki, hazırda Minbaşı kəndinin klubunda icra başçısı kənddə olan sakinlərlə görüş keçirir, evlərə isə baxış keçiriləcək. Aksiyaçılar isə deyirlər ki, "Verilən vədlərə inanmırıq".
Onlar rayon icra hakimiyyətinə doğru yürüş edəcəklərini bildiriblər.
Bunun ardından aksiya iştirakçıları Sabirabad-İmişli yolunu bağlayıblar. Təxminən, 500 nəfərin iştirak etdiyi dəstək aksiyasını dağıtmaq üçün rayon polisi güc tətbiq edib. Rayonun polis rəisi Mübariz Quliyev hadisə yerinə gəlib və olay yerinə əlavə polis qüvvələrinin cəlb olunması ilə bağlı göstəriş verib.
O da məlum olub ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun Minbaşı kəndinin sakinləri ilə görüşüb. İcra başçısı kənd sakinlərinə deyib ki, "çalışacağıq ki, qaldırdığınız problemləri həll edək".
Görüşdən çıxan adamlar isə vədlərin yerinə yetiriləcəyinə inanmadıqlarını bildiriblər. Deyiblər ki, bundan əvvəl də belə vədləri çox eşidiblər.

Biləcəridə insanlar
susuzluqdan qırılır

15 gündən çoxdur ki, Biləcəridə su gəlmir. Qəsəbə sakinləri deyirlər ki, bu barədə "Azərsu"ya da ərizə ilə məlumat veriblər: "Deyirlər ki, təmirdir, amma həftədə 1 dəfə verirlər. Onu da gecə saat 1-də və ya 2-də. Camaat su maşınları ilə baha qiymətə su alır. Amma bizdə olan məlumata görə işçilərin pulu ödənilmədiyi üçün sularımızı kəsiblər. Bu onların işidir. Amma biz susuzluqdan qırılırıq".
Qeyd edək ki, "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı son dövrlər ciddi şikayətlər daxil olmaqdadır. Həmin şikayətlər əsasən bir çox qəsədə və məntəqələrə su verilməməsi ilə bağlıdır. Eyni zamanda, bu problemi çözmək üçün tutarlı addımlar atılmır. İşin ən maraqlı tərəfi odur ki, "Azərsu"nun yenicə təmir etdiyi və çəkdiyi su xətləri bir müddət sonra sıradan çıxır. Artıq bir çox qəsəbələrdən bununla bağlı məlumatlar gəlir. Və onlar deyirlər ki, bir neçə dəfə su xətlərinin təmir olunmasına baxmayaraq, yenə də əvvəlki problemlər yaşanmaqdadır.

Gəncənin isə su
problemi həll olunacaq

Şəmkir dəryaçasından Gəncəyə magistral su kəmərinin çəkilişinə başlanılıb. Kəmərin tikintisini Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinin sifarişi ilə "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.
Kəmərin tikintisi başa çatdırıldıqdan sonra Gəncəni, Samux rayonunun Nəbiağalı qəsəbəsini və eləcə də digər yaşayış məntəqələrini içməli su ilə təmin etmək mümkün olacaq.
Tikintinin layihə rəhbəri Hüseyn Əhmədov deyir ki, uzunluğu 22,5 kilometr olan kəmərdə istifadə olunan polad borular Türkiyə və Belçikadan gətirilir. Artıq 4 min metr məsafədə boruların qaynağı və izolyasiyası, həmçinin Gəncə çayı üzərində və yol keçidlərində işlər başa çatdırılıb. Hazırda tikinti işləri torpağın mürəkkəb geoloji strukturlarında aparılır. Əsas qüvvələr və inşaat texnikası kəmər boyu maneələrin aradan qaldırıldığı yerlərdə cəmləşdirilib. Kəmərin inşasını sürətləndirmək üçün işlər 4 sahədə aparılır. Sutəmizləyici qurğular stansiyasında torpaq işləri demək olar ki, başa çatdırılıb.
Bu kəmərin tikintisi başa çatdıqdan sonra respublikanın qərb bölgəsinin 500 minə yaxın əhalisi içməli su ilə fasiləsiz təmin olunacaq.

Cavid Qarabağlı