Mobil ratitə şirkətləri abunəçilərini aldadır
Mobil ratitə şirkətləri abunəçilərini aldadır

Hesabınıza pul qoyduqdan sonra bir qismi naməlum şəkildə çıxılır

Ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları vaxtaşırı yeni kampaniyalar təşkil etdiklərini bəyan etsələr də, abunəçilər davamlı olaraq onların fəaliyyətindən narazılıq edirlər. Artıq iş o yerə çatıb ki, bəziləri operatorlarını dəyişmək məcburiyyətində qalıblar. Çünki təklif olunan tariflərlə real vəziyyət arasında ziddiyyətlər mövcuddur.

Azərbaycanda iri mobil rabitə operatorlarından biri olan NARMobile isə abunəçiləri ilə açıq şəkildə oyun oynayır. Bir tərəfdən "Unikal" tarif planını təklif edən şirkət bunun müqabilində gündəlik 24 qəpiyinizi hesabınızdan silir. Əvəzində isə ayda 9000 dəqiqə pulsuz danışmaq haqqı tanıyır.
Bir tərəfdən baxdıqda bunun cəlbedici olduğunu görmək mümkündür. Amma reallıqla tarif planı arasında zidiyyət istifadəçiyə çevrildikdən sonra üzə çıxır. Məsələn, hər gün 24 qəpik çıxılarsa, bu ayda 7, 2 manat deməkdir. Halbuki 7,2 manata Türkiyədə 3 ay pulsuz danışmaq mümkündür.
İkincisi, ayda 9000 dəqiqə, yəni 150 saat danışmaq mümkün deyil. Heç bir insanın fiziki imkanı buna çatmaz. Belə olan təqdirdə, məlum olan odur ki, NARMobile abunəçilərinin cibinə şirnikləndirici vədlə girir.
Bir başqa məsələ odur ki, hesabınıza pul yüklədikdən sonra onun bir qismi naməlum şəkildə yoxa çıxır.
Məsələn, hər gün 2 manatlıq kartı yükləyənlər deyirlər ki, iki və ya üçüncü danışıqdan sonra hesablarında qəpik-quruş qalır. Halbuki hər tərəfə 7 qəpik tarifi stabil hesab olunur. Amma deyilənlərlə mövcud olanlar arasında bu qədər fərq qurulmuş oyunun tərkib hissəsi kimi başa düşülür.
Abunəçilər deyirlər ki, NARMobilenin istifadəçisi olmaq hər nə qədər asandırsa, onun davamlı şəkildə mövcudluğunu saxlamaq bir o qədər çətindir. "Bu şirkət sözün həqiqi mənasında talançılıqla məşğul olur. Yalan tariflər təklif etməklə insanları aldadıb özünə çəkəndən sonra başlayır onun hesabına girməyə. NARMobilenin bununla bağlı təkliflərinə aldananlar, sonradan peşmanlıq çəkirlər".
Bir başqa abunəçi isə bizə verdiyi açıqlamasında deyir ki, həqiqətən də o, hər gün pul qoyduğu hesabında günün sonuna yaxın qəpik-quruş görəndə təəccüblənir.
"Əvvəl elə zənn edirdim ki, çox danışıram. Lakin təqdim olunan tariflə uyğunlaşdırdıqda gördüm ki, 2 manatla, ən azı, 30-40 dəqiqə danışmaq imkanım olmalıdır. Amma bir gün hesablama apardıqdan sonra aydınlaşdı ki, tariflər boş şeydi və milləti aldatmaq üçün bir vasitədir. Bütün mobil rabitə şirkətləri abunəçilərinin cibinə girməklə məşğuldurlar".
Qeyd edək ki, bu vəziyyət təkcə NARMobileyə aid deyil. Həmçinin "Azercell" və "Bakcell"də analoji qaydada istifadəçilərinin cibinə girərək, böyük pullar qazanmağa çalışırlar. Üstəlik, son günlər kontur kartlarının qiymətinin artırılması da düşünülmüş oyunun tərkib hissəsi olaraq qəbul edilir. Artıq hər bir rabitə operatorunun təklif etdiyi kartlar 10 qəpik bahasına satılır. Rabitə şirkətləri isə bəyanat verirlər ki, onların məsələdən xəbərləri yoxdur. Ancaq di gəl, bu prosesin qarşısını almaq üçün də tədbir görmürlər. Deməli, onların özləri bu məsələdə maraqlıdırlar və verilən bəyanatlar da görüntü xarakteri daşıyır.
Ekspertlər isə rabitə bazarında belə bir vəziyyətin yaranmasının səbəbini rəqabət prinsipinin olmamasında görürlər. Onlar deyirlər ki, Rusiyada az qala mobil rabitə operatorlarının sayı 100-ü keçdiyi halda Azərbaycanda bu rəqəmin 3-dən yuxarı qalxmaması anlaşılmazdır. Onlar hesab edirlər ki, bu şirkətlərin sayının artmasında maraqlı olmayanlar monopolistlərdir ki, səbəbi də böyük pulların əldən çıxmasıdır. Çünki rabitə biznesi dünyada ən asan yolla ən çox pul qazanılmasına imkan verir. Adətən bunu zarafatyana "danışıqla pul qazanılan biznes növü" kimi də təqdim edirlər.
Namiq