Beynəlxalq insan haqları təşkilatı Amnesty International ukraynalılar arasında "əzab və qəzəb" yarada biləcək son hesabatına görə üzr istəyib. Eyni zamanda, o, bu hesabatdan gələn nəticələrdən imtina etmədiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Reuters təşkilatın mətbuat xidmətinə istinadən məlumat yayıb. 

“Amnesty İnternational Ukrayna hərbçilərinin döyüş üsulları ilə bağlı hesabatımızın səbəb olduğu iztirab və qəzəbdən dərin təəssüf hissi keçirir”, - bəyanatda deyilir.

Təşkilatda qeyd olunduğu kimi, belə hesabatların hazırlanmasında mülki şəxslərin müdafiəsinin təmin edilməsi əsas prioritetdir. Amnesty İnternational bildirir ki, qalmaqallı araşdırmanın yayımlanmasının yeganə məqsədi bu olub.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatında iddia olunur ki, Ukrayna ordusu şəhər sosial obyektlərində silah və texnika yerləşdirməklə beynəlxalq hüquq normalarını, eləcə də hərbi qanunları pozur.

Amnesty International izah edib ki, hesabatdakı tapıntılar "geniş sahə araşdırmaları zamanı" toplanmış sübutlara əsaslanır. Təşkilat qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri (APU) məktəblərə və xəstəxanalara hərbi texnika və silahlar yerləşdirməklə mülki əhalinin həyatını təhlükəyə atıb.