Malinin daxili bölgələrində koordinasiyalı terror hücumları nəticəsində 15 əsgər və 3 mülki vətəndaş həyatını itirib. 

"Unikal" xəbər verir ki, Mali Ordusunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Direktoru Polkovnik Souleymane Dembele verdiyi yazılı açıqlamada ordunun Savare, Sokolo və Kalumba bölgələrini hədəf alan koordinasiyalı terror hücumlarının dəf edildiyini bildirib.

Dembele, Sokolo bölgəsində ordu ilə terrorçular arasında baş verən zorakılıqda 6 əsgərin həyatını itirdiyini, 25 əsgərin isə yaralandığını qeyd edib.

Yaralı əsgərlərdən 5-nin vəziyyətinin ağır olduğunu qeyd edən Dembele, şiddət hadisələrində 48 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Dembele, Mavritaniya sərhədinə yaxın Kalumba bölgəsində təşkil edilən hücumda 9 əsgər və 3 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Bölgələrdə terrorçuların çıxarılması əməliyyatlarının davam etdiyini vurğulayan Dembele, "Havadan izləmə terrorçuların logistik bazalarına hücumu mümkün etdi və bununla da düşmənin potensialını azaldıb" deyib.