Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri- Beynəlxalq əlaqələr şöbəsinin proqram direktoru Elmira Fərzəliyeva, Tədris-metodiki şöbənin koordinatoru Fikriyyə Məmmədova və Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Zeynəb Orucova Avstriyanın Krems şəhərində İMC Krems Universitetinin Erasmus+ grant layihəsi çərçivəsində təşkil olunan “İnternational Staff Week” həftəsində iştirak ediblər.

"Unikal" xəbər verir ki, ATMU adıçəkilən universitet ilə artıq 15 ildir ki, ikili diplom layihəsi çərçivəsində əməkdaşlıq edir. Təlimdə Azərbaycandan başqa partnyor universitetlərin, eləcə də Avropa ölkələri universitetlərinin nümayəndələri iştirak ediblər. Təlimin əsas məqsədi “ İMC İnternational Staff Week” layihəsi çərçivəsində müxtəlif ölkə universitetlərinin və mübadilə üzrə əməkdaş universitetlərin nümayəndələri arasında bilik və təcrübə mübadiləsindən ibarət olub. 

Təlimlərdə  ali təhsil sisteminin keyfiyyətli idarəolunması üçün  lazımi mövzulara diqqət yetirilib. Belə ki, təlimin gündəliyinə uyğun olaraq İMC Krems universitetinin akademik direktoru Professor, Dr. Martin WAIGUNY başda olmaqla pedaqoji heyəti və departament rəhbərləri tərəfindən “Ali təhsildə didaktika”, “Bakalavr və magistr işlərinə rəhbərlik və qiymətləndirmə”, “Tədqiqat işinin aparılması”, “AACSB-Akkreditasiya”, “Keyfiyyət menecmenti”, “Mübadilə proqramı çərçivəsində qəbul proseduru” və “Ali təhsil sistemində marketinq” kimi mövzulara toxunulub. Təlimlər interaktiv formada keçirilib və digər universitet nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində təlimin qeyri-rəsmi hissəsi də unudulmayıb. Belə ki, təşkilatçılar tərəfindən iştirakçılara Kremsin üzüm bağlarına və Avropanın ikinci ən uzun çayı olan Danube-yə, eləcə də Krems və Melk şəhərləri arasında yerləşən Wachau vadisinə ekskursiya təşkil olunub.

Təlimin sonunda universitetin icraçı direktoru Prof. Dr. Karl Ennsfellnerin rəhbərliyi ilə  iştirakçılara sertifikat təqdim olunub.