Mayın 19-da mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevirdə, Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib.

"Unikal" xəbər verir ki, qəbulda Mingəçevir və Yevlax şəhərlərində yaşayan vətəndaşlar iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış məsələləri  üstünlük təşkil edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq, bərpa işləri görüldüyü, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, məcburi köçkünlərin yeni mənzillərlə təminatı bundan sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək. Eyni zamanda, doğma yurda qayıdacaq məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün komitə tərəfindən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.