"Pensiya islahatları davamlı müzakirə edilən məsələlərdəndir. Həm pensiya kapitalının ədalətli istifadə olunması, həm də pensiyalara əlçatanlığın gücləndirilməsi "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərin əsas hədəflərindən idi. Sonuncu dəfə adıçəkilən qanuna 43 dəyişiklik edilib".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, dəyişikliklərin əksəriyyəti pensiya kapitalına əlçatanlığın genişləndirilməsinə xidmət edir:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan etdi ki, 2022-2027-ci illəri əhatə edən pensiya islahatları konsepsiyasında bu işlər davam etdiriləcək. Müzakirə edilən məsələlərdən biri də pensiya yaşının azaldılması ilə bağlıdır. Parlamentdə bu istiqamətdə təkliflər irəli sürüldü. Təkliflərin əsas hissəsi isə qadın və kişilər üçün pensiya yaşının fərqləndirilməsi ilə bağlıdır. Bu məsələni komitə iclasında da müzakirə etmişdik. Qadınların pensiya yaşının azaldılması ilə bağlı maliyyə yükünün hesablanması yaxşı olardı. Çox vacib məqamlardan biri maliyyə yükünün hesablanması, eyni zamanda pensiya sahəsində islahatların əmək bazarına, eləcə də pensiyaların maliyyələşdirilməsinə təsirlərinin qiymətləndirilməsindən ibarətdir". 

V.Bayramov qeyd edib ki, pensiya islahatları ilə bağlı layihələr müvafiq dövlət qurumu tərəfindən Milli Məclisə təqdim olunur:

"Parlament təkliflərlə çıxış edir. Bu istiqamətdə fərqli təkliflər təqdim olunub. Pensiya islahatlarının hansı məsələlərlə əhatə olunması birbaşa hökumətin mövqeyindən asılı olacaq. Belə ki, bu layihələr təqdim olunduğu halda millət vəkilləri öz mövqelərini qeyd edirlər. Layihələr təqdim olunmadıqda belə Milli Məclisin iclaslarında müzakirə zamanı deputatlar tərəfindən pensiya islahatları ilə bağlı bir sıra təkliflər təqdim olunur".

Anar Kəlbiyev