Qəbələdə qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Facebook” sosial şəbəkəsində “ecofront” adlı səhifədə Qəbələ rayonunun Məmmədağalı kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Müəyyən edilmişdir ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Yenikənd meşəbəyliyinin 11 saylı dolayının vəzifəli şəxlərinin Qəbələ rayonu Məmmədağalı kəndi ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan 55 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində 11 min manat məbləğində ziyan dəyməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olub.

Fakt üzrə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün Qəbələ rayon prokurorluğuna göndərilib.