16 Mart 2022-ci il tarixində Zirə Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilib. 

"Unikal" xəbər verir  ki, görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçının müavinləri, Aparatın şöbə müdirləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və Zirə bələdiyyəsinin sədri,  rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib. 

Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mütəmadi olaraq əhalinin problemlərinin öyrənilməsi və həlli istiqamətində yerlərdə səyyar görüşlərin keçiriləcəyini vurğulayıb. 

RİH başçısı E.Salahov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Zirə  qəsəbəsində həyata keçirilən əsaslı infrastruktur layihələrdən,  əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib. 

Daha sonra RİH başçısı hazırda Zirə qəsəbəsində görülən və yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işləri sakinlərin diqqətinə çatdırmış və onların digər problemlərini dinləyib.  Səyyar görüşdə iştirak edən sakinlər qəsəbədaxili yolların asfaltlanması, küçə işıqlarının çəkilməsi və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciətlər edib.

Görüşdə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürülüb. 

Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.