Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət yaradılan monitorinq qrupları şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarında yoxlamaları davam etdirirlər.

Unikal.org-un məlumatına görə, reydlərin əsas məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi  və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.
Sumqayıt şəhərində polis əməkdaşlarının müvafiq dövlər orqanları ilə birgə keçirdiyi növbəti  tədbirlər nəticəsində “Qubadlı”, “Dəniz” və “Turac” şadlıq saraylarında keçirilən toylarda karantin qaydalarının pozulduğu, yəni qonaqların say həddini aşdıqları, "İcazə.e-gov.az” portalından qeydiyyatdan keçmədikləri aşkar edilib. Həmin şadlıq evləri inzibati qaydada 4000 manat məbləğində cərimələniblər.

“Qubadlı” şadlıq sarayında polisin qanuni işinə maneə yaradan və müvafiq təsdiqedici sənədləri olmayan iştirakçıları arxa qapıdan keçirmək istəyən inzibatçı saxlanılıb. Onun barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. 

Bir sıra şadlıq saraylarında isə şənlik iştirakçılarının COVİD 19  pasportunun olmaması müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, onlar xəbərdarlıq edilərək geri qaytarılıb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda, şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.