Bu gün Tacikistanda prezident seçkiləri keçiriləcək.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, bu, müstəqil respublikanın tarixində altıncı seçkilər olacaq. Beş seçkidən dördündə qalib gəlmiş Emoməli Rəhmon 28 ildir ölkəni idarə edir. Tacikistan Xalq Demokratik Partiyası onun namizədliyini yenidən irəli sürüb.

Onunla yanaşı, prezidentliyə dörd namizəd var. Onların sırasında 72 yaşlı Miroc Abdulloyev Tacikistan Kommunist Partiyasının namizədidir. O, partiyaya 2017-ci ildən rəhbərlik edir. Daha bir namizəd Aqrar partiyasının sədri Rüstəm Latifzodadır. 2014-cü ildən partiyanın lideridir. Digər namizəd Tacikistan İqtisadi İslahatlar Partiyasından Rüstəm Rahmatzodadır. Partiyaya 2019-cu ildən rəhbərlik edir. Bu üç namizəd prezident seçkilərinə ilk dəfədir qatılır.

Tacikistan Sosialist Partiyasının lideri Abduxalim Qafforzoda prezident seçkilərində üçüncü dəfədir iştirak edir.

Səsvermənin nəticələri oktyabrın 12-də açıqlanacaq. Yekun nəticələr səsvermədən 10 gün gec olmayaraq Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiqlənir. Prezident yeddi il müddətinə seçilir. Səsvermə üçün ölkədə 3375 seçki məntəqəsi fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Tacikistanda 4,9 milyondan çox seçici qeydiyyata alınıb. Habelə 29 ölkədə 39 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermənin gedişini 300-dən çox jurnalist, o cümlədən 267 nəfər yerli və 37 nəfər xarici KİV-dən izləyəcək.