Bu gün Azərbaycan Mərkəzi Bankının Resurslar və Maarifləndirmə Xidməti Tədqiqatlar və İnkişaf Mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Maliyyə savadlılığı layihəsi çərçivəsində yenidən təlimlərə başlayıb. 

Unikl.org xəbər verir ki, təlimlər universitetin "Xidmət sahələrinin iqtisadiyyatı və menecment və "İqtisadi nəzəriyyə və marketinq kafedraları ilə birgə razılaşdırmaya müvafiq olaraq Tikinti-iqtisad fakültəsinin tələbələri üçün keçirilir.

Təlimdən öncə AzMİU-nun "Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri Məhəbbət Məmmədov çıxış edərək universitet və Mərkəzi Bank arasında əməkdaşlıq əlaqələrinin bir neçə ildir uğurla davam etdiyini, bu çərçivədə keçirilən seminarların, təlimlərin tələbələr üçün olan faydasına toxunub, yaradılan şərait üçün universitetin rektoru, professor Gülçöhrə Məmmədovaya öz təşəkkürünü bildirib. M.Məmmədov Mərkəzi Bankın yüksək ixtisaslı mütəxəssisləri tərəfindən universitetin iqtisadiyyat istiqamətində təhsil alan tələbələrinin ölkədə bank, pul-kredit, maliyyə və vergi sistemində həyata keçirilən mühüm işlər haqqında biliklərini artırmaq istiqamətində bu təlimlərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

Fakültənin dekanı Rahad Qəribov da öz növbəsində təlimlərin gənclərə keryera qurmaq və gələcəkdə bank sektorunda çalışmalarına yardımçı olmaq istiqamətində böyük dəstək olacağını vurğulayıb, onları 2 gün davam edəcək təlimlərdə fəal olmağa səsləyib.

Mərkəzin İqtisadi Maarifləndirmə şöbəsinin mütəxəssisləri tərəfindən aparılan təlimin ilk günü Mərkəzi Bankın İqtisadi maarifləndirmə şöbəsinin böyük mütəxəssis Rövşən Qəniyev "Bank sistemi və bank əməliyyatları, Mərkəzi Bankın İqtisadi maarifləndirmə şöbəsinin aparıcı mütəxəssisi Lamiyə Qaralovanın isə "Nağdsız ödənişlər mövzusunda məruzələri dinlənilib. Fəal diskusiya şəraitində keçən təlimdə tələbələri maraqlandıran bütün suallar mütəxəssislər tərəfindən cavablandırılıb, məruzə edilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 2 gün davam edəcək təlimin sonunda tələbələrə Mərkəzi Bank tərəfindən sertifikatlar təqdim olunacaq. Seçilən tələbələrin Mərkəzi Banka ekskursiyası təşkil olunacaq və onlar bankın müvafiq şöbələrinin iş prinsipi ilə yaxından tanış olacaqlar.