Daha yaxşı iş arzusunda olanlar və bəzən də bir işlə kifayətlənməyənlər adətən ikinci ali təhsil almağa üstünlük verirlər. Bu özlüyündə müsbət bir tendensiyadır. Ancaq ali təhsil müəssisələrinin ikinci ali təhsil almaqla bağlı qaydalarındakı bəzi məqamlar prosesin nə qədər şəffaf olması məsələsini gündəmə gətirir.
Ali təhsil müəssisələrində demək olar ki, ikinci ali təhsil almaq üçün qəbul qaydaları oxşardır. Yəni birinci ali təhsil haqqında diplom və digər sənədlərlə universitetə yaxınlaşmaq, müsahibə mərhələsindən keçmək və ödənişlə bağlı müqaviləni imzalamaq.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, birinci ali təhsildən fərqli olaraq ikinci ali təhsilə qəbulun test üsulu ilə deyil, müsahibə şəklində keçirilməsi isə qəbulda şəffaflığı müəyyən mənada sual altında qoyur.
İkinci ali təhsilə gələnlər ancaq pullu təhsil ala bilərlər, onda ali təhsil müəssisələrinin keyfiyyətə yox, kəmiyyətə üstünlük vermək ehtimalı da bu məqamda böyükdür. Bununla yanaşı ikinci ali təhsillə qəbulda heç bir kvota da yoxdur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov bildirir ki, ikinci ali təhsil üçün hazırda universitetlərdə qoyulan tələblər əslində dünyada tətbiq olunan bir təcrübədir.
Qasım Məmmədov ikinci ali təhsilə qəbulla bağlı prosesə ciddi nəzarət edilməsinə ehtiyac görmür. Qasım Məmmədov qəbul zamanı komissiyanın qərarından narazı olan namizədlərin Təhsil Nazirliyinə müraciət edərək öz hüquqlarını tələb edə biləcəyini də bildirir.