Xəbər verdiyimiz kimi Mütləq Döyüş Çempionatının (UFC) Las-Veqasda keçirilən 229-cu turnirində tanınmış döyüşçülər Həbib Nurməhəmmədov və Konor Makreqor üz-üzə gəlib. Döyüş Rusiyanı təmsil edən idmançı Həbib Nurməhəmmədovun üstünlüyü şəraitində keçib. O, dördüncü raundda irlandiyalı rəqibi, döyüşün məşhur siması Konor Makreqoru boğucu fəndə salaraq məğlub edib.

Ancaq döyüşdən sonra ara qarışıb, hətta H.Nurməhəmmədov Konorun onu təhqir edən fanatının üzərinə hücum çəkib. Hadisə bununla bitməyib və rinqdən kənarda dava daha da böyüyüb.

Onun bu qələbəsi və azarkeşlə dalaşnası barədə Azərbaycan MMA Federasiyasının prezidenti, dünya çempionu Şəhriyar Abbasov Unikal.org-a danışıb:

"Əlbəttə ki, Həbibin hərəkəti bəyənilən deyil. Yaxşı qələbə qazanmışdı. Onu bu qələbəyə görə təbrik edirəm.

Dindən danışsaq, islam da belə hərəkətləri sevmir. O, Konora qalib gəlməklə bir tarix yazmışdı. Kənardan yüzlərlə insan nə isə deyə bilər, davaya təhrik edən fikirlər səsləndirə bilər. Amma bu o provokasiyaya getməli deyildi. Heyf ki,bu baş verdi.

Mənə elə gəlir ki, o qələbə qazanandan sonra Konorla normal danışıb, növbəti döyüş üçün revanşa normal şəkildə dəvət edə bilərdi. Onu da deyim ki MMA (qarışıq döyüş növləri) tarixində Konor çox vacib adlardandır. Konor bu döyüş növünü elit səviyyəyə gətirib. Ona qədər bu idmana adi döyüş kimi baxılırdı. Çəkməçidən tutmuş, vəzifəli şəxslərə qədər hər kəs onun yarışını istər Tv vasitəsi, istər sosial şəbəkələr vasitəsi ilə izləyir.

Konor Məhəmmədəli yerində bir adamdır. Yəni onu dəyərsizləşdirmək olmaz. Mən onun etdiklərini qiymətləndirirəm.

Şəhriyar Abbasov döyüşün revanşı barədə də danışıb:

"Konor Neyt Diazla ilk görüşdə məğlub olmuşdu. Amma onun revanşında qələbə qazandı. Düşünürəm ki, revanş olarsa Konor qazanacaq.

Əslində bu döyüş baş tutmamışdan öncə mən proqnozlaşdırmışdım ki, Həbib qazanacaq. Çünki, Konor hazırlaşmır, 2 ildir döyüşmürdü. Həbib isə döyüşür.

Bildirim ki, mən Həbibi çoxdan tanıyıram. Onun toyunda olmuşam, atası ilə dostam. Qələbədən sonra atasını da təbrik etdim.

Düşünürəm ki, revanşa Həbib də razı olmayacaq. Mənə elə gəlir o kəmərini qoyub döyüşü bitirdiyini deyə bilər. Məncə də bu onun üçün daha yaxşıdır, nəinki revanşa çıxmaq...

Onu da bildirim ki, Həbib heç vaxt Konor ola bilməz. Çünki o tamamilə başqa insandır. O istər özünü qəribə aparması, istərsə də mətbuat konfranslarında, çəki tədbirlərində söz bazası ilə diqqət çəkib. Bu Həbibdə yoxdur.

Aygün İlqarqızı