Paytaxt yollarında tıxacı azaltmaq üçün Bakı Nəqliyyat Agentliyi yeni bir layihənin icrasına başlayır. Avropanın bir çox ölkələrində geniş yayılan sarı kəsişmə torları Bakıda da bəzi küçələrdə tətbiq ediləcək. Məqsəd pik saatlarda yollarda yaranan xaotik vəziyyəti aradan qaldırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.

Unikal.org Xəzərxəbər-ə istinadən məlumat verir ki, tıxac və sıxlığı aradan qaldırmaq üçün paytaxt küçələrində yeni layihənin icrasına başlanır.

Pik saatlarda bəzi sürücülər qarşıda tıxacın olmasına baxmayaraq, yolların kəsişmə nöqtələrinə daxil olurlar. Nəticədə isə digər yoldan gələn avtomobil hərəkət edə bilmir. Mövcud problemi aradan qaldırmaq üçün bəzi yollarda sarı kəsişmə torlarının tətbiqinə başlanılır.

Kəsişmə toru tıxac yaranan yolayrıclarına girişi qadağan edir. Çünki belə yolayrıclarına giriş yan hərəkət zolaqlarından gələn avtomobillərin yolunu kəsir və nəticədə yolayrıcında xaotik vəziyyət yaranır. Ona görə də sürücü kəsişmə toru olan yolayrıclarına yalnız ordakı tıxac tam açıldıqdan sonra daxil ola bilər...

Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin hazırladıqları layihəyə əsasən, yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə yaxın vaxtlarda başlanılacaq.

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Tərlan Səfərov deyir ki, sonrakı mərhələdə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub. Qaydalara əməl etməyib kəsişmə torlarına tıxac zamanı daxil olan sürücülər isə cərimələnəcək.

Bakı Nəqliyyat Agentliyi qeyd edilən nişanlanmanın Azərbaycanda qüvvədə olan müvafiq normativ aktlara əlavə edilməsi üçün təklif layihəsi hazırlayaraq, aidiyyəti qurumlara göndərib.