Mayın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında  Təhsil Nazirliyi  və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında  ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
 
Bu barədə Unikal.org-a AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
2016-cı ilin mart-aprel aylarında keçirilmiş və mayın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram teatrında yekun konserti ilə bitmiş  Festivalda 24 ali məktəbin mindən çox tələbəsi iştirak edib. Festivalın Münsiflər Heyətinin tərkibində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə (sədr), xalq artistləri Təranə Muradova və Samir Cəfərov, əməkdar incəsənət xadimləri Nailə Mirməmmədli, Baba Vəziroğlu və Hafiz Hacıyev olublar.
11 nominasiya üzrə keçirilmiş müsabiqədə müxtəlif ali məktəblərin 33 tələbəsi Festivalın diplomuna və qiymətli hədiyyələrinə layiq görülüb.
Eyni zamanda bu günkü mərasimdə 2016-cı ilin mart-aprel aylarında  ümummilli lider Heydər Əliyevin anadan  olmasının 93-cü ildönümü münasibətilə Respublikanın orta ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilmiş şahmat üzrə yarışın qalibləri də mükafatlandırılıblar.
AHİK-in sədri, millət vəkili S.Mehbalıyev qalibləri təbrik edib, onlara təhsildə və yaradıcılıq işlərində uğurlar arzulayıb.