Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızdırma və xəstəliyə səbəb olan «Zika» virusunun yayılma təhlükəsi haqda xəbərdarlıq edib. Bu virus Qara dəniz sahillərində, Rusiyada, Gürcüstanda, tanınmamış Abxaziya Respublikasında və bir sıra Avropa ölkələrində, ilk növbədə isə Balkan yarımadasında ağcaqanad vasitəsilə yayılır.
Unikal.org xəbər verir ki, «Zika» virusuna daha əvvəl 50-dən artıq ölkədə rastlanıb. Alimlərin dediklərinə görə, o, doğulmamış – ana bətnindəki uşaqlar üçün dəhşətli dərəcədə təhlükəlidir. Virus sayəsində mikrosefaliya baş verir, yəni dölün beyni və kəlləsində balacalaşma gedir, bu da əqli geriləməyə səbəb olur. Ancaq o da var ki, «Zika» qızdırması ilə assosiasiya olunan inkişafdanqalma minlərlə uşaqda rastlansa da, hələlik bu əlaqə 100 faiz sübuta yetirilməyib. Hətta bəzi alimlər bu əlaqənin qətiyyən olmadığı qənaətindədirlər.

ÜST hökumətlərə müraciət edir: «Səfərbər olunmaq lazımdır»

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, «Zika» virusuna yoluxmuş yüksəkriskli bölgələr Qara dəniz sahilində yerləşən Rusiyanın Krasnodar diyarı, Abxaziya da daxil olmaqla, Gürcüstan və Portuqaliyanın Atlantik okeanda yerləşən Madeyra adasıdır. Nisbətən az yayıldığı ərazilər isə Balkan yarımadası və Türkiyədir. Virus adıçəkilən bölgələrdə yaşayan «Aedes» ağcaqanadları vasitəsilə yayılır. «Siyahıda 18 Avropa dövlətinin adı çəkilir», - ÜST-ün Avropa regional bürosunun direktoru Zsuzsanna Jakab belə deyir.

O daha sonra əlavə edir: «Bu gün biz ilk növbədə virusun yayılma riskinin yüksək sayıldığı ölkələrin hökumətlərinə müraciət edirik. Milli səhiyyənin resursları səfərbər edilməli və «Zika» virusunun epidemiyaya çevrilməsinin qarşısının alınması prioritet olmalıdır».