Aprelin əvvəlində düşmən təcavüzünün qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan Şəki şəhər sakini baş leytenant İsgəndərov Elnur İsgəndər oğlu "Vətən uğrunda" medalı ilə təltif olunub.
Kanal S (Region TV) xəbər verir ki, şəhidin 40 mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, rayonun hüquq-mühafizə orqanları, icra hakimiyyətinin səlahiyyətli nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı önünə gül çələngi qoyulub, ruhuna dualar oxunub. Baş leytenant Elnur İskəndərovun qısa, lakin şərəfli həyat yolundan söz açılıb.
Bildirilib ki, o, hər zaman igidliyi və cəsurluğu ilə seçilib. Şəhidlərimizin qisasının alınacağı, onların qanının yerdə qalmayacağı bildirilib. Ömrünün 27-ci baharında şəhid olan Elnur İsgəndərov 11 aprel tarixində Şəki şəhər qəbristanlığında torpağa tapşırılıb. "Vətən uğrunda" medalı şəhidin azyaşlı oğlunun sinəsinə taxılıb.