"Ekoturizm təbiətdən zövq almaq, istirahət məqsədilə istifadənin yeni forması olmaqla yanaşı, rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə istifadə etməyi, bioloji müxtəlifliyin qorunmasını təbliğ etməkdir. Milli parklar Azərbaycanda ekoloji turizm sahəsinin inkişafı üçün əlverişli təbiət əraziləridir".

Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkədə milli park statuslu qorunan ərazilərin sayı 9-dur. Milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 ədəd turist marşrutu fəaliyyət göstərir. Turistlər Nazirliyin rəsmi internet saytında "Xidmətlər bölməsinə daxil olub istədikləri milli parka onlayn bilet əldə edə bilərlər. Həmçinin, onların milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.

Milli parklara daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün giriş haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarına əsaslanır və adambaşına 2 manat təşkil edir, 6 yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və milli qəhrəmanlar isə giriş haqqından azaddırlar.

Nazirliyin məlumatına görə, 2018-ci ilin 6 ayı ərzində ölkədə fəaliyyət göstərən milli parklara ümumilikdə 24 261 nəfər turist səfər edib, bunların 21 223 nəfəri yerli, 3038 nəfəri xarici vətəndaş olub. Ötən illərin 6 ayı ilə müqayisədə turistlərin sayında artım müşahidə olunur.