Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yeni qaydalarına əsasən, 1970-ci ilə qədər tikilmiş mənzillər ipotekaya salınmayacaq.

Unikal.org bildirir ki, artıq bununla bağlı banklara məlumat verilib və bu şərtlərə əməl edilməsinə xüsusi diqqət yetirilir.

İqtisadçılar isə bu dəyişikliyin vacib olduğunu bildirirlər.

Çünki ipoteka uzunmüddətli kredit olduğundan bəzi hallarda kredit başa çatmamış binanın istismar müddəti başa çatır ki, bu da mənzilin qiymətinə ciddi şəkildə təsir göstərir.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, hazırda Bakıda pilot layihələr çərçivəsində təxminən 350 binanın tikintisi aparılır və bu, cari ilin sonu, növbəti ilin əvvəlində bazara çoxlu sayda yeni mənzilin daxil olması deməkdir. Bu mənzillərin satışının artırılması və bu yolla tikinti bazarını qorumaq üçün pul vəsaitlərinin dolayı yolla bu istiqamətə yönləndirilməsi vacib idi və yeni qaydalar da bunu təmin etməyə imkan verəcək.

Ekspertin sözlərinə görə, ipoteka vəsaitləri hesabına yeni mənzillərin alışının sürətlənməsi isə pilot layihələrin gələcəkdə daha da genişlənməsinə imkan verəcək./xezerxeber.az