Prezident seçkiləri sakit və demokratik şəraitdə keçir, çox vacib amil odur ki, insanlar seçkilərə böyük əhval-ruhiyyə ilə gəlir.

Unikal.org xəbər verir ki, bu sözləri Qazaxıstan parlamentinin deputatı, MDB Parlamentlərarası Assambleyadan olan beynəlxalq müşahidəçi Yerbulat Burkayev AZƏRTAC-a müsahibəsində deyib.

"Bu gün saat 10.00-dək 15-dən artıq məntəqədə seçki prosesini izləmişik. Bu saata seçki fəallığı heç də pis deyil. Bizim olduğumuz məntəqələrdə seçicilərin təqribən 40 faizi səsvermədə iştirak edib. Seçkilərdə bütün insanlara, o cümlədən gözdən əlillərə belə, səs vermələri üçün zəruri şərait yaradılıb, - deyə müşahidəçi bildirib.

Seçki prosesinin çoxlu sayda beynəlxalq müşahidəçi tərəfindən izlənildiyini bildirən Y.Burkayev onların seçkilərin gedişatı ilə bağlı heç bir iradı olmadığını vurğulayıb. Beynəlxalq müşahidəçi komissiya üzvləri haqqında da fikirlərini bölüşüb: "Komissiya üzvləri çox mehribandırlar, seçicilərə hüquq və vəzifələrini səbirlə başa salırlar. Prezidentliyə namizədlərin vəkilləri tərəfindən də seçki ilə bağlı narazılıq eşitmədik.

Bir müşahidəçi kimi bir neçə ölkədə olduğunu söyləyən qazaxıstanlı deputat deyib ki, MDB ölkələri - Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrdə seçki prosesini izləyib, həmçinin Türkiyədə və Almaniyada da bu prosesdə iştirak edib. Onun sözlərinə görə, Almaniyada seçici hətta evdə oturub, poçt vasitəsilə səs verə bilər və seçicilərin böyük əksəriyyəti bu hüquqlarından istifadə edir.