Fransanın Müdafiə naziri Jan İv Le Drian estoniyalı həmkarı Hannes Hanso ilə görüşü zamanı bu ölkəyə 300 hərbçi və 5 tank göndəriləcəyini açıqlayıb.

Bu barədə Estoniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, NATO-nun bu ilin iyul ayında Varşavada keçirilən sammitində Latviya, Litva, Estoniya və Polşada batalyonların yerləşdirilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Latviyada yerləşdiriləcək batalyonun əsasını Kanada hərbçiləri, Litvada - Almaniya, Estoniyada - Böyük Britaniya, Polşada isə ABŞ hərbçiləri təşkil edəcək.

Estoniyada 2017-ci ilin birinci yarısında yerləşdiriləcək NATO batalyonu, 800-ü britaniyalı, 300-ü isə fransalı hərbçi olmaqla 1100 hərbçidən ibarət olacaq. Sonradan fransızları danimarkalıların əvəz edəcəyi planlaşdırılır. Böyük Britaniya həmçinin "Varrior döyüş maşınları, "Çellenger 2 tankları və kəşfiyyatçı pilotsuz uçan aparatlar ayıracaq.