Pranker Vovan (Vladimir Kuzneçov) "YouTube" kanalında Ukrayna prezidenti Pyotr Poroşenko ilə 15 dəqiqəlik telefon danışığının səs yazısını paylaşıb.

Unikal.org xəbər verir ki, Kuzneçov özünü Qırğızıstan prezidenti Almazbek Atambayev kimi təqdim edib. Telefon danışığının təşəbbüskarı "qırğız tərəfi olub. "Qırğızıstan prezidentinin köməkçisi Kiyevə, prezident administrasiyasına zəng vurub və deyib ki, prezident Atambayev rəsmi Bişkekin hazırda sədrlik etdiyi MDB-də Ukraynanın mövqeyinin dəstəklənməsi barədə müzakirə aparmaq istəyir.

Köməkçilər telefon rabitəsi yaradıb və beləliklə Poroşenko ona zəng vuranın Atambayev olduğunu zənn edərək ikitərəfli siyasi münasibətlərdən, Krım və Donbasdakı vəziyyətdən, digər məsələlərdən danışmağa başlayıb

Telefon danışığı zamanı "Atambayev Poroşenkodan ötən ay Berlində "Normand dördlüyünün toplantısı zamanı Ukrayna prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə sərt tonla danışdığı, səsini qaldırdığı haqda xəbərləri xatırladıb. "Nədir, deyir orada Putinə qışqırmısan, səsini qaldırmısan...,- deyə, Vovan soruşub.

Poroşenko isə buna cavab olaraq onun uzunmüddətli diplomatik təcrübəsi olduğunu və belə vəziyyətlərdə özünü necə aparmağı bildiyini vurğulayıb. Ukrayna prezidenti deyib ki, Putinlə söhbəti gərgin olub, ancaq qışqırmaq, səsini qaldırmaq olmayıb.