Respublikamızın elektrik enerjisi istehsalçıları sırasında öncül mövqe tutan «Azərbaycan İES» MMC-nin kollektivi birinci yarımilliyi uğurla başa çatdırıb.

"Azərenerji ASC-nin Enerjinin İstehsalı İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu müddətdə stansiyada enerji bloklarının və avadanlıqların dayanıqlı və qənaətli iş rejimi təmin edilib. Dispetçer yük qrafikinə əməl olunmaqla plan tapşırıqları yerinə yetirilib. Əsas avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirə biləcək qəza və imtina hallarına yol verilməyib.

Stansiyada ötən aylarda olduğu kimi, cari ilin iyun ayında da dispetçer yük qrafikinə tam əməl edilib. Nəticədə ikinci rübün və birinci yarımilliyin yekun göstəriciləri uğurlu alınıb. İyun ayında 389 milyon kilovat-saata yaxın, o cümlədən ikinci rüb ərzində 1 milyard 195 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.

Energetiklər cari ilin birinci yarısında isə 2 milyard 768 mil¬yon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edərək enerjisistemə ötürüblər.

Təsdiq edilmiş təmir qrafikinə uyğun olaraq 2016-cı ilin II rübündə 4-cü enerji blokunda əsaslı təmir işləri aparılıb və hazırda bu proses davam edir. 330 kV-lik APQ-də isə qrafiklə nəzərdə tutulan eleqaz açarlarında planlı təmir işləri yerinə yetirilib.

Hazırda dispetçer yük qrafikinə əməl olunmaqla "Azərbaycan İESdə sutka ərzində 16-17 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.