Abşeron Rayon Polis İdarəsinin əməliyaçıları həyətyanı sahəsində çətənə kolları əkib-becərən şəxsi yaxalayıb. Saxlanılan şəxs polisə kolların ona mərhum qardaşından yadigar qaldığını bildirib.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, polisə Hökməli qəsəbə sakini, 42 yaşlı Rəfail Şükürovun həyətyanı sahəsində çətənə kolları əkib-becərməsi barədə məlumat daxil olub. Əməliyatçılar həyətə baxış keçirməyə gələndə çətənə kollarını aşkarlasalar da, onları yetişdirən Rəfail Şükürovun özünü tapa bilməyiblər. Bir ilə yaxın müddətdə axtarışda olan Rəfail polisdən çox da uzağa qaça bilməyib.

Saxlanılan şəxs çətənə kollarının ona qardaşından yadigar qaldığını bildirib:

"Rəhmətlik qardaşım həyətdə əkmişdi. O, öləndən sonra, gördüm ki, həyətdə yetişib. Özüm də istifadə edəniyəm. Dəymədim ki, qalsın, özüm çəkərəm".

Rəfailin sözlərinə görə, həyətində əkilən çətənə kollarının polis əməkdaşları tərəfindən aşkarlandığını biləndə qaçıb gizlənsə də, nə vaxtsa saxlanılacağının fərqinə varıb:

"Evdə olmamışam. Bu günə qədər axtarışda olmuşam. Gördüm ki, qaçmağın yeri yoxdur".

Məsuliyyətdən boyun qaçırma cəhdi boşa çıxan Rəfail Şükürova qarşı Abşeron Rayon Polis Idarəsində cinayət işi açılıb, araşdırmalar davam edir.