Elman

Mərkəzi Bank öz səhvini düzəldə biləcəkmi?

Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dünən "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nın təsdiq edilməsi barədə sənədi imzalayıb. Sənədə əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir.
Sənəddə göstərilir ki, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.
Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilir.
Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.
Mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev Elman Rüstəmovun təsdiqlədiyi məlum sənədi şərh edərkən bildirib ki, Mərkəzi Bank "üzən məzənnə" siyasətinə keçməsini elan edəndən sonra bu qərarın veriləcəyi gözlənilən idi: "Bu gün bazara kifayət qədər valyuta çıxarıla bilmədiyindən ölkədə tələb təklifi üstələyir. Təbii ki, bu halda valyutadəyişmə məntəqələrinə sərbəstlik verilməsə, Mərkəzi Bank tərəfindən limit qoyulsa, bu daha çox "qara bazar"a xidmət edəcək. Mən hesab edirəm ki, indiki halda bu qərarın verilməsi "qara bazar"ın qarşısını almağa və prosesin leqallaşdırılmasına yönələn bir addımdır".
Ekspert deyib ki, valyuta bazarında tələb təklifi üstələyərsə, bu istər-istəməz valyutadəyişmə məntəqələrində Mərkəzi Bankla müəyyən olunan kurs arasında ciddi fərqin formalaşmasına gətirib çıxara bilər: "Bu halda ya Mərkəzi Bank valyutadəyişmə məntəqələrində müəyyən olunan kursun dalınca gedərək prosesləri tənzimləməlidir, ya da valyutadəyişmə məntəqələri sırf tələb və təklifdən çıxış edərək satış həyata keçirməlidir. Bu məqamda valyutadəyişmə məntəqələrinin ajiotaj yaratmaq və ya onun qarşısını almaq iqtidarında olacağı çox önəmlidir. Hər halda Mərkəzi Bank çalışmalıdır ki, valyutadəyişmə məntəqələrinin prosesdən istifadə edərək manatı daha da dəyərsizləşdirməsinin qarşısını alsın".
A.Mehtiyevin sözlərinə görə, bütün hallarda manatın dəyərdən düşmə prosesi davam edəcək: "Bu qərardan əvvəl də valyutadəyişmə məntəqələri Mərkəzi Bankın müəyyən etdiyi kursdan çox fərqli satış həyata keçirirdi. Hətta proses "qara bazar"ı da formalaşdırıb. Ona görə də Mərkəzi Bank "qara bazar"ın aradan çıxması və proseslərin leqallaşdırılması üçün bu addıma gedib. Gedişat göstərir ki, Mərkəzi Bank da tədricən manatın kursunu aşağı salmaqda davam edəcək".
Göründüyü kimi, Mərkəzi Bank növbəti mübahisəli qərar verib və əgər bunun ardınca müəyyən addımlar atılmazsa ölkənin maliyyə bazarında yeni mənfi fəsadlar ortaya çıxa bilər.
Hazırda xarici valyutaların satışı ilə bağlı formalaşmağa başlayan "qara bazar" da əslində Mərkəzi Bankın indiyəqədərki addımlarının nəticəsidir. Belə görünür, Elman Rüstəmov həm də onun səhv addımlarının məhsulu olan "qara bazar"ı aradan qaldırmaq üçün yuxarıda haqqında danışılan sənədə imza atıb. Amma hətta bundan sonra da "qara bazar"ın aradan qalxacağı şübhə altındadır. Üstəlik, istisna deyil ki, maliyyə bazarında yeni neqativ meyllər ortaya çıxsın.
Toğrul Əliyev