Bəzi

Onlar manatın kəskin ucuzlaşmasından sonra tikinti bizneslərinin canlanacağına ümid edirlər

Devalvasiya və manatın ucuzlaşması şəraitində vəsaitləri saxlamaq üçün ən yaxşı variantlardan biri də onu daşınmaz əmlaka - mənzil və obyektlərə yatırmaqdır. Bu barədə əmlak bazarı üzrə ekspertlər bildirib. Bununla yanaşı, vəsaitin məhz hansı əmlak növünə və hansı səbəbdən yatırmaqla bağlı ekspertlərin fikirləri fərqlənir.
"Koneko" qiymətləndirmə şirkətinin baş mütəxəssisi Vüqar Oruc deyib ki, Milli valyutanın məzənnəsindən asılı olmayaraq, istənilən iqtisadi şəraitdə daşınmaz əmlaka investisiya qoyuluşu sərfəlidir.
Onun sözlərinə görə, əmlak bazarına pul qoymaq istəyənlər bu məsələdə devalvasiyanı nəzərə almamalıdır: "İqtisadi böhran əmlakı müvəqqəti ucuzlaşdıra bilər, amma tədricən qiymətlər yenə də bərpa olunur, əmlak dəyər qazanır. Ona həmişə tələbat var. Bir qrup insan üçün var-dövlətdir, bəziləri üçün yaşayış yeridir, bir qisim insanlar üçün isə icarə-kirayə fəaliyyəti üçün vasitədir. Daimi gəlir yerinə malik olmaq istəyənlər daşınmaz əmlaka investisiya etməkdən çəkinməməlidir. Bu, xüsusilə qeyri-yaşayış sahələrinə aiddir".
"Caspian Property Services" şirkətinin direktoru Rəna Axundova isə deyib ki, iş adamları dolların bahalaşması nəticəsində daşınmaz əmlakın ucuzlaşmasından istifadə etməlidir: "İqtisadi böhran əmlak almaq üçün əsl fürsətdir. Tədricən iqtisadiyyat sabitləşəcək. Bu, həm neftin bahalaşması, həm də digər sahələrin inkişafı hesabına ola bilər.
Uzunmüddətli perspektiv üçün torpaq sahələrinə, qısamüddətli perspektiv üçün isə mənzillərlə pul qoymaq olar. İqtisadi böhran tikinti sektorunu zəiflədə bilər ki, bu da son nəticədə satışa çıxarılan mənzillərin sayını azalda, onların qiymətini artıra bilər. Həmçinin mənzil almaq fikrindən daşınanlar torpaq alıb fərdi ev tikməyə üz tuta bilər. Yəni böhranın təsiri ilə hər iki növ əmlakın bahalaşması mümkündür".
Qeyd edək ki, Azərbaycanda əmlak alıcılarının sayının xeyli azalması xüsusilə "tikinti oliqarxlarını" çətin vəziyyətdə qoymuşdu. Əksəriyyətinin arxasında iri məmurların dayandığı Mənzil Tikinti Kooperativləri (MTK-lar) inşa etdikləri yeni mənzilləri satmaqda xeyli çətinlik çəkirdilər.
İndi belə çıxır ki, bir il ərzində ikinci dəfə baş verən və daha kəskin xarakter daşıyan devalvasiya tikinti sektorunda pay sahibi olan yüksək çinlilərin işinə yarayacaq. Onların boş qalan göydələnlərindəki mənzillərə marağın artması gözlənilən ehtimaldır, bu isə "tikinti oliqarxlarının" ciblərini doldurmalarına şərait yaradacaq.
Qeyd edək ki, son iki ildə əksəriyyəti birbaşa və ya dolayı şəkildə məmurlara bağlı olan tikinti şirkətlərində ilkin böhran əlamətləri müşahidə olunurdu. Xüsusilə bu sektorda əmək haqlarının ciddi azaldığı rəsmi rəqəmlərdə belə əks olunur, bu da tikinti şirkətlərinin maliyyə çatışmazlıqları yaşamağa başladığının işarəsi sayılırdı.
Bir daha vurğulamaq yerinə düşür, Azərbaycanda əksər tikinti şirkətlərinin güclü himayədarları var, onlar ayrı-ayrı nüfuzlu məmurların himayəsi, qeyri-rəsmi patronajlığı altında fəaliyyət göstərirlər. Odur ki, bu şirkətlərin maddi çətinlik çəkməsi həm də bəzi məmurların gəlirlərinin azaldığı qənaəti yaradırdı.
Belə görünür, ikinci devalvasiya aktından sonra məmurların himayə etdikləri MTK-lar alıcı sarıdan canlanma yaşamağa başlayacaqlar. Bu da onların iqtisadi böhran şəraitində ayaqda qalmasını, eləcə də onları himayə edən vəzifəli şəxslərin qazanc əldə etməsini şərtləndirəcək.
Hər halda ekspertlərin dediklərindən belə qənaətə gəlmək olar. Real proseslərin hansı xətlə inkişaf edəcəyinə isə şübhə yoxdur.
Toğrul Əliyev