Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclasda Palatanın cari fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər, o cümlədən bank sektorunda həyata keçirilən nəzarət tədbirləri müzakirə edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilmiş monitorinqlər nəticəsində "Parabank ASC-nin Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub və aparılmış yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib.
"Banklar haqqında qanuna müvafiq olaraq, Direktorlar Şurası "Parabank ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilmiş icazənin ləğv edilməsi, 1 il müddətində "Parabank ASC tərəfindən filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib.
İclasın davamında gündəlikdə duran bir sıra cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə vasitəçilərinə daxili nəzarət sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsini tövsiyə edir.
Maliyyə bazarlarında monitorinqlər davam etdirilir və qanun pozuntusu hallar aşkar edilərsə müvafiq tədbirlər görüləcək.
Media orqanları əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.