Ermənistanın

Yerevanda düşünürlər ki, Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır
Ermənistanda işğal etdikləri əraziləri Rusiyanın təzyiqi ilə Azərbaycana qaytarmağa məcbur ediləcəyi qorxusu yenidən qayıdıb. Belə ki, bu barədə Londonda fəaliyyət göstərən "Janes İntelligence" analitik mərkəzi yazıb.
Mərkəz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrda İrəvana səfirindən sonra yeni "dünya proqramı" tezislərini hazırladığını qeyd edib.
"Lavrovun "dünya proqramı"na Dağlıq Qarabağ münaqişəsinin həlli də daxildir. İndi Türkiyə-Rusiya qarşıdurmasından sonra vəziyyət tamamilə dəyişib. Bu baxımdan, Rusiyanın "dünya proqramı"na sahib olduğunu dəqiq demək çətindir. Lakin o dəqiqdir ki, Rusiyada böyük problemlər yaranıb və o, artıq Ermənistana yardım etmək istəmir. Digər tərəfdən, Moskva əvvəlki kimi erməni əhalisinə təsir edə bilmir. Bu baxımdan, Kremlin həm regiondakı mənzərəni dəyişdirmək, həm də Ermənistanı cəzalandırmaq üçün yeni saziş irəli sürə biləcəyi istisna deyil. Bu sazişdə Azərbaycan udur, Ermənistan isə uduzur", - deyə mərkəz bildirir.
"Janes İntelligence" şəxsi mənbələrə söykənərək yazır ki, Rusiya Ermənistan ordusunun təmas xəttindən geri çəkilməsini tələb edir. Lakin mərkəz bu tələbin indi, yaxud bundan qabaq edildiyini yazmır: "Bu tələb olub. Ermənistan isə razılaşmayıb. Kremlə görə bu İrəvanın mərkəzdənqaçma oyunudur və o, bunu qəbul etmək fikrində deyil".
Mərkəz onu da yazır ki, Azərbaycan daha əvvəlki kimi danışıqlar yolunu tutmaq istəmir: "Rəsmi Bakının səbri həqiqətən də daralıb. Bu isə münaqişə ocağında yeni müharibənin başlanma ehtimalını artırır. Hesab etmək olar ki, qarşıda böyük toqquşmalar ola bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də artıq hər şeyin sona çatdığını düşünür. Onlar yeni müharibənin başlamasından çox qorxurlar. Amma bunu artıq real hesab etmək olar. Belə vəziyyət Azərbaycan və Ermənistana təzyiq etmək istəyən Rusiyanın xeyrinədir. Yeni müharibə ən çox Ermənistanın zərərinədir. İrəvanın indiki taktikası da artıq işləmir. Hazırda Ermənistan iqtidarı yeni konstitusiya dəyişikliyi ilə öz hakimiyyətlərinin ömrünü uzadır. Bu dəyişiklik indiki oliqarxların əl-qolunu daha da açacaq və bu, xalqı iqtidardan uzaqlaşdıracaq. Bu da yeni Qarabağ müharibəsində onların məğlubiyyətinin əsasını qoyur".
Xatırladaq ki, hazırda Ermənistanda sosial-iqtisadi durum olduqca acınacaqlıdır. Ölkə tamamilə - həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən Rusiyadan asılıdır. Yerevanın müstəqil xarici siyasət kursu yürütmədiyi isə hər kəsə bəllidir. Bütün bunlar isə əslində baş verən bu beynəlxalq oyunda Ermənistanın söz sahibi olmadığı qənaətini daha da möhkəmləndirir. Odur ki, Kremlin işğal olunmuş Dağlıq Qarabağla bağlı hansısa planına, hətta bu plan Ermənistanın maraqlarına tamamilə zidd olsa belə - Yerevanın etiraz edə biləcəyi inandırıcı görünmür. Sadəcə olaraq, Ermənistan hakimiyyəti daxili auditoriyaya hesablanan bəyanatlarla baş qatmağa çalışır.
Elvin Rüstəmov