Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Kamal oğlu Mehdiyevin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, dövlət ittihamçısı Orxan Səmədov Çingiz Mehdiyev barəsində polis nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməməsini istəyib. Sonra hakim Çingiz Mehdiyev rusdilli olduğu üçün ona dövlət tərəfindən tərcüməçi təyin olunduğunu elan edib. Məhkəmə prosesində Çingiz Mehdiyevin vəkilləri Hüseynli Araz Heydər oğlu və Nəcəfov Faiq Əjdər oğlu da iştirak edib. Çingiz Mehdiyevin hüquqlarını müdafiə edən Faiq Nəcəfov müvəkkilinə verilən ittihamları qəbul etmədiyini məhkəmənin nəzərinə çatdırıb:

"Hesab edirik ki, Mehdiyev Çingiz vəzifəli şəxs olmadığından, yəni, təşkilati-sərəncam verən şəxs və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxs olmadığından vəzifəli şəxslərə dair maddələr ona tətbiq edilə bilməz. Eyni zamanda, hazırki işdə predikativ cinayət mövcud olmadığından leqallaşma ilə bağlı ittiham da əsassızdır. Bu maddələr hüquqlarını müdafiə etdiyim şəxsə tətbiq edilə bilməz". 

Məhkəmə prosesi aprel ayının 15-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib. İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Azər İsrafilov