İsrailin 7 oktyabrdan sonra Qəzzaya hücumları üçün yaradılan Döyüş Kabinetində Baş nazir Benyamin Netanyahu ilə kabinet üzvləri Benny Gantz və Gadi Eisenkot arasında müzakirə aparıldığı açıqlanıb. 

"Unikal" İsrailin dövlət televiziyası KAN-a istinadən xəbər verir ki, dünən keçirilən toplantıda bir tərəfdə Netanyahu, digər tərəfdə Gantz və Eisenkot ilə sərt müzakirələr yaşanıb. Xəbərdə bildirilib ki, kabinet iclası zamanı Mossad rəhbəri David Barnea, HƏMAS ilə məhbus mübadiləsi ilə bağlı razılığa gəlmək üçün danışıqlara cavabdeh olan nümayəndə heyətinin səlahiyyətlərinin genişləndirilməsini təklif edib. 

Bildirilib ki, Barneanın təklifi Netanyahu tərəfindən rədd edildikdən sonra Gantz və Eisenkot buna qarşı çıxıb və aralarında şiddətli mübahisə baş verib. Gantz və Eisenkot, "Bu danışıqlar çox uzun müddətdir davam edir və biz onları indi bitirməliyik. Əgər fəal səy göstərsəydik, danışıqların ortasında ola bilərdik, lakin danışıqlarda irəliləyiş olmadı, çünki məsuliyyəti öz üzərinə götürə bilmədik”, - deyib. 

Netanyahu, "Çətin danışıqlar aparırıq. Bu, mürəkkəbdir. HƏMAS razılığa gəlməkdə maraqlı deyil. Biz düşmənə zəiflik əlamətləri göstərə bilmərik", - bildirb.

O, razılaşma təklifini rədd edib. 

Gülayə Mecid