“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Xəyal Yəxyayevin 15 il, Gülarə Abdullayeva və Yeganə Məmmədovanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.

Qeyd edək ki, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunublar.
Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Azər İsrafilov