Oktyabrın 9-da Audiovizual Şuranın onlayn formatda iclası keçirilib. İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

Bu barədə "Unikal"a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, “Space TV”nin efirində oktyabrın 4-də “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12:19-da) proqramın aparıcısı (İlham Mirzəyev-red.) hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlətmişdir ki, bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulmuşdur.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.