Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmaq öhdəliyi Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak Bakı Enerji Həftəsinin başlanması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə məktubunda bildirib. 

O, qeyd edib ki, Azərbaycan etibarlı enerji tərəfdaşı olmaqla qlobal enerji mənzərəsində mühüm rol oynayır: "Təchizatın diversifikasiyası Rusiyanın enerjidən geosiyasi silah kimi istifadəsinin dayandırılması baxımından vacibdir".

Böyük Britaniyanın baş naziri vurğulayıb ki, o, Azərbaycan lideri İlham Əliyevin Azərbaycanın nəhəng bərpa olunan enerji potensialını inkişaf etdirmək və ölkəni yaşıl enerji ixracatçısına çevirmək səylərini alqışlayır: "Enerji keçidi üzrə Avropa tərəfdaşları ilə əməkdaşlığı genişləndirmək planlarınız bu məqsədlərə nail olmaq üçün əsas olacaq. Cənub Qaz Dəhlizinin ilk Yaşıl Enerji Məşvərət Şurasının yaradılması və Azərbaycandan Avropaya bərpa olunan elektrik enerjisinin ötürülməsini nəzərdə tutan Qara dəniz sualtı kabel layihəsinin yaradılması xüsusilə perspektivlidir".

Sunak mesajında ​​bildirib ki, son iki ildə Böyük Britaniya xüsusi proqramlar vasitəsilə Azərbaycanın enerji keçidinə dəstək verir: "Bu təşəbbüslər təkcə Azərbaycanın daha davamlı enerji gələcəyinə töhfə vermir, həm də iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılığın yaradılmasına kömək edir. Bakı Enerji Həftəsi çərçivəsində biz bu təşəbbüslərdən bəzilərinin əsas mesajlarını bir araya gətirəcək yeni nəşri təqdim edəcəyik. Burada Britaniya şirkətlərinin enerji keçidi ilə bağlı bəzi problemlərin aradan qaldırılmasında Azərbaycana necə dəstək ola biləcəyinə baxılacaq". 

Ağarza Elçinoğlu