ABŞ- da avtomobil sahiblərinin "Hyundai" və "Kia" avtomobillərinin oğurluqdan zəif qorunması ilə bağlı məhkəmə iddiasının həlli çərçivəsində Koreya markaları zərər çəkmiş avtomobil sahiblərinə 200 milyon dollar ödəyəcək.

"Unikal" xəbər verir ki, ödənişləri oğurluq və ya avtomobillərinin zədələnməsi nəticəsində zərər çəkmiş avtomobil sahibləri sığortalanmadıqları halda alacaqlar. Kompensasiya həm də avtomobillərin tez-tez oğurlanan avtomobillər siyahısında olması səbəbindən yüksək sığorta xərclərinə məruz qalan sürücülərə aiddir.

Məhkəmə müqaviləsi 2011-ci ildən bəri istehsal olunan 9 milyona yaxın "Hyundai" və "Kia" avtomobilini əhatə edir. Onların arasında məşhur "Kia Sportage" və "Hyundai Palisade" krossoverləri də var. Həmçinin, zərər çəkmiş müştərilərə oğurluğa qarşı əlavə qurğuların və qıfılların quraşdırılmasına görə pulun ödənilməsi nəzərdə tutulur. Bundan əlavə, avtomobil istehsalçısı maşınların proqram təminatını yeniləyəcək.

araşdırmalara görə, 2022-ci ilin yayında "Hyundai" və "Kia"-nı oğurlamağın asan yolunu təsvir edən videolar sosial mediada göründükdən sonra oğurluqların sayı artıb.