Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən mərasimdə çıxış edən Rusiya lideri "dünyada unikal" dediyi raketlərin Rusiyanın maraqlarına uyğun bölgələrdə yerləşdiriləcəyini bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Putin yeni hazırlanmış "Zirkon" hipersəs qanadlı raketlərinin bir neçə ay ərzində Rusiya donanmasında istifadəyə hazır olacağını açıqlayıb.

Hərbi Dəniz Qüvvələrinə bağlı “Admiral Qorşkov” freqatının yeni hipersəs raketləri ilə yerləşdiriləcəyini açıqlayan Putin, "Burada vacib olan odur ki, Rusiya donanması suverenliyimizə qarşı istənilən təhlükəyə ildırım sürəti ilə cavab verə bilsin", - deyib. 

Bu bəyanatın Ukrayna qüvvələrinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda Rusiya donanmasına zərbə endirməsindən sonra verilməsi diqqət çəkib. 5 əsgərin yaralandığı hücuma görə Krımda keçiriləcək Dəniz Günü tədbirləri ləğv edilib.

Rusiya ordusunun son vaxtlar döyüş gəmiləri və sualtı qayıqlarda sınaqdan keçirdiyi “Zirkon” raketləri səsdən doqquz dəfə sürətlə hərəkət edə bilir. Rusiya prezidenti Putin NATO-nun “Şeytan II” olaraq xarakterizə etdiyi Rusiyanın qitələrarası ballistik raketi “Sarmat”ın bu ilin sonuna kimi istifadəyə veriləcəyini açıqlayıb.

 Rusiya 18 min kilometr məsafədəki hədəfi vurma qabiliyyətinə malik bu raketlə bir neçə dəqiqə ərzində Avropanın böyük bir hissəsini vura biləcəyini iddia edir. 

Gülayə  Mecid