“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatı və tullantı su layihələrinin icrasını davam etdirir.  Sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır.

"Unikal" xəbər verir ki, Şirvan şəhərində içməli su və kanalizasiya layihəsinin icrası çərçivəsində görülmüş işlər və perspektiv vəzifələr Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən təqdimat zamanı ətraflı müzakirə olunub. Tədbirdə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhərindən millət vəkili seçilmiş İltizam Yusifov, podrat təşkilatın nümayəndələri iştirak edib.

Şirvan şəhərinin içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin təqdimatı zamanı bildirilib ki, 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsindən sonra şəhərdaxili şəbəkələrin mərhələlərlə yenidən qurulması işlərinə başlanılıb. Təsdiqlənmiş layihəyə uyğun olaraq 2021-ci ildə Şirvan şəhərində 7 km içməli su və kanalizasiya şəbəkəsi, ümumilikdə isə 100 km-dən çox içməli su, 11 km tullantı su şəbəkəsi yenilənib, 12 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Şəhərdəki çoxmənzilli yaşayış binalarının daxili sistemlərinin yenidən qurulması su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb.

Ötən müddətdə Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Çılpaqlı, Yeni yaşayış massivlərinin, həmçinin şəhərin relyef baxımından yüksəklikdə yerləşən məhəllələrinin də içməli su təchizatı yaxşılaşıb.

Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi növbəti illərdə də davam etdiriləcək. Perspektiv layihəyə əsasən, ümumilikdə Şirvan şəhərində 257 km içməli su və 228 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Eyni zamanda şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 19 min kubmetr olan 4 su anbarı inşa ediləcək. Şirvan şəhərində formalaşan tullantı sularının kənarlaşdırılması məqsədi ilə layihə çərçivəsində tullantı sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Bu qurğuda Hacıqabul şəhərində formalaşan tullantı suları da təmizlənib zərərsizləşdiriləcəkdir.