Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 dekabrın 2-də öz işini davam etdirib.

"Unikal" xəbər verir  ki,  Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Nobel mükafatı laureatı professor Aziz Sancar, Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar, Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, elm və təhsil üzrə xarici və yerli eskpertlər iştirak ediblər.

“Postpandemiya dövründə elm və təhsil” mövzusuna həsr olunan panelin açılışında şəhidlərin xatirəsi yad edilib və Dövlət himni səsləndirilib.

UNEC rektoru professor Ədalət Muradov forum iştirakçılarını salamlayaraq, panelin postkovid dövründə elm və təhsilə elmi baxış mövzusuna həsr olunduğunu deyib. Pandemiyanın elm və təhsilə baxışları dəyişdirdiyini və gələcəklə bağlı cavabı gözləyən çoxsaylı sualları ortaya qoyduğunu diqqətə çatdıran rektor, böhranın ilk dövründə distant təhsilə keçidin yaranan problemləri aradan qaldıracağı düşüncəsini formalaşdırdığını bildirib: “Bütövlükdə təhsil sistemində atılan addım onu deməyə əsas verir ki, məsafədən təhsil həll yolu kimi qəbul edilmir. Məsafədən təhsillə təhsilin davamlılığı təmin edilsə də, elmdə fərdiçiliyə sanki “yaşıl işıq” yandırıldı. Elmin gələcəyi ilə bağlı yeni elmi kommunikasiyalar və onların formaları ilə bağlı ciddi suallar var”. Rektor panellərdə bu sualların həlli istiqamətində müzakirələrin aparılacağını, forumun ölkəmizin gələcək inkişafı ilə bağlı əhəmiyyət kəsb edən sualların cavablandırılması üçün platforma rolunu oynayacağını deyib.

Sonra Nobel mükafatı laureatı, dünya şöhrətli alim professor Aziz Sancar pandemiya dövrünün elm adamları üçün yaratdığı problemlərdən söz açıb. Həmin dövrdə tədqiqat qruplarının daim elmi axtarışlarda olduğunu deyən alim, işçilərin qapalı şəraitdə çalışdığını, psixoloji durumlarında ciddi problemlər yaşandığını deyib.

Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev forumun dövlət müstəqilliyinin bərpasına və böyük Zəfərə həsr olunmasının özünəməxsus əhəmiyyəti olduğunu xüsusi vurğulayıb. Ölkənin bundan sonrakı elm və təhsil sahəsində fəaliyyətinin məhz müstəqillik və zəfərlə bağlı olduğunu deyib. Postpandemiya dövründə təhsil sahəsində yaranan problemlərdən və onların həlli yollarından söz açan nazir, elm və təhsil sahəsində dövlətin qərarvermə modeli üzərindən məsələyə yanaşıb. O, pandemiya dövründə verilən emosional və rasional qərarlar arasındakı fərqi təhlil edərək, rasional qərarların daha ciddi dəlillərə əsaslandığını diqqətə çatdırıb.  Nazir təhsil və elm siyasətinin qarşısında duran əsas məqsədin bu sahədə əlçatanlığın və keyfiyyətinin artırılması, müxtəlif sosial qruplardan olan insanlara bərabər imkanların yaradılması olduğunu bildirib. Təhsilin keyfiyyətinə yeni baxışın formalaşmasının vacibliyini diqqətə çatdıran E.Əmrullayev aidiyyatı olan dövlət və digər müstəqil qurumların keyfiyyətə nəzarət mexanizmlərinin olmasının labüdlüyünü bildirib. Nazir ali təhsilin keyfiyyətinin ölçülməsi meyarlarını da açıqlayıb: “Hazırda bir çox problemlərin həlli elmi-tərəqqi və tədqiqatlardan asılıdır. Başa düşməliyik ki, resurslar məhduddur. Bu məhdudiyyətlə hansı sahələri necə inkişaf etdirməyi düşünməliyik. Prosesə bu gün başlamalıyıq ki, nəticəni 20-30 ildən sonra görə bilək. Bilik və bacarıq kafi şərtlərdir, əsas motivasiyadır. Pandemiya göstərdi ki, dünyada dəyər zəncirləri necə kövrəkdir".  Nazir pandemiya dövrünün önəmli məsələlərindən birinin də ayrı-ayrı sosial iqtisadi qrupların öyrənmə prosesinin monitorinq məsələsi olduğunu bildirib.

Türkiyənin Ali Təhsil Şurasının rəhbəri rəhbəri Erol Özvar pandemiyanın ali təhsil sahəsində yaratdığı təsirlərindən danışıb. Bu böhranın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində yeni vərdişlər yaratdığını, ali təhsil paradiqmasının dəyişməsinin qaçılmaz olduğunu deyib. Distant təhsilin alternativinin olmadığını və bır sıra çağırışlarla xarakterizə edildiyinə diqqət çəkən YÖK rəhbəri, ali təhsildə insan amilinin dəyişməli olduğunu bildirib. E.Özvar rəqəmsal informasiya cəmiyyəti və rəqəmsal iqtisadiyyatın tələblərindən də söz açıb: “Rəqəmsal transformasiya nəticəsində insan resurslarına tələblər dəyişib. Rəqəmsallaşma məşğulluq sahəsində də ciddi dəyişikliklər yaradıb. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun olaraq, rəqəmsal bacarıqların artırılmasına yönəldilən  tədris proqramlarına daha çox üstünlük verməlidirlər”.

Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev ölkələrin inkişafında elm və təhsilin rolundan söz açıb. O, bəşəriyyətin gələcəyi üçün təhsilin, elmin və mədəniyyətin rolunun əvəzedilməz olduğunu, təhsil sistemində və tədris mühitində ən vacib faktorun tələbə olduğunu deyib: “Belə bir ana deyimi var ki, “Mən öyrəndiklərimin bir çox hissəsini müəllimlərdən, daha çoxunu həmkarlardan, ən çoxunu isə tələbələrdən öyrənmişəm”. Alim pandemiyanın yaratdığı yeni vərdişlərdən, süni zəka və V sənaye inqilabının tələblərindən də danışıb.

Çıxışlardan sonra panel məruzəçiləri iştirakçıların suallarını cavablandırıblar.

Forum çərçivəsində UNEC alimlərinin müəllifi olduqları “Elektron ticarət və elektron ixracat”, “Sosial elmlərdə tədqiqat metodları”, “Rəqəmsal marketinq və sosial media” kitablarının təqdimatı olub. Bildirilib ki, “SABAH” magistratura layihə çərçivəsində yazılan və tədris prosesində istifadə olunacaq “Rəqəmsal marketinq və sosial media” və “Elektron ticarət və elektron ixracat” dərslikləri Azərbaycan dilində hazırlanmış ilk ədəbiyyatdır. Kitabın əsas özəllikləri onların yerli, beynəlxalq özəl sektor və akademik bazaya aid bir çox xüsusiyyəti özündə əks etdirməsidir.

Forumda UNEC ilə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti (TSNUK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

UNEC rektoru professor Ədalət Muradov ilə T.Şevçenko adına Kiyev Milli Universitetinin (TSNUK)  rektoru professor Volodymyr Bugrov arasında imzalanan müqavilədə birgə elmi-tədqiqat təcrübəsi və araşdırmaların aparılması, bakalavr, magistratura və doktorantura proqramlarının hazırlanması, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsi və inkişaf etdirilməsi, birgə elmi nəşrlər hazırlanması və mübadiləsi nəzərdə tutulub.

Sonra “SPRİNGER” nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Kristian Rausçerin tədqiqatçılarla görüşü keçirilib.

Forum “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusuna həsr olunan Panel 3 çıxışları ilə davam edib.