Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, rezident əlaqələndirici xanım Vladanka Andreyeva ilə görüşüb.

Unikal.org xəbər verir ki, Vladanka Andreyevanı ölkəmizdə yeni və vacib vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona işlərində uğurlar arzulayıb.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür. Həmçinin qeyd edilib ki, Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin ilk illərində ümummilli lider Heydər Əliyevin müraciəti əsasında beynəlxalq təşkilatların, eləcə də BMT təsisatlarının yardımı nəticəsində ölkəmizdə humanitar fəlakətin qarşısı alınıb.

Ölkəmizlə BMT və onun qurumları arasındakı uzun illərə söykənən münasibətlərin uğurlu nəticələrindən danışılarkən birgə əməkdaşlıq sahəsində bundan sonra da səmərəli iş aparılacağına inam ifadə olunub. Bildirilib ki, ötən ilin payızında Ermənistanın işğalına son qoymaqla Azərbaycan həm də BMT-nin məlum qətnamələrini icra edib. Müharibənin başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən də ətraflı bəhs olunub. Məcburi köçkünlərin könüllü və təhlükəsiz şəraitdə, ləyaqətlə doğma yurda qayıdışını təmin etmək məqsədi ilə həmin ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsinin vacibliyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin müfəssəl xəritəsini verməkdən imtina etməsi prosesin uzanmasına və insan itkilərinə səbəb olur. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulacaq, məcburi köçkünlər üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda olduğundan da gözəl qəsəbələr salınacaq. Qayıdış prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq, BMT təsisatları ilə birgə fəaliyyət  mühüm əhəmiyyət kəsb edir. 

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edilib ki, BMT təsisatlarının Dövlət Komitəsi ilə əməkdaşlığı 20 ildən çoxdur davam edir: “İnanırıq ki, əməkdaşlıq bundan sonra da yüksək səviyyədə davam edəcək. İlk təcrübə kimi Kosovada məcburi köçkünlərə işləmişəm. Buna görə də məcburi köçkün problemləri mənə çox tanışdır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə görülən işlər insanı valeh edir”. 

Vladanka Andreyeva  həmçinin bildirib ki, mina xəritələri ilə bağlı məsələlər barədə məlumatlıdır və məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində qaldırılıb. 

Sonda repatriasiya və reinteqrasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Dövlət Komitəsinin sədri Vladanka Andreyevanı bərpa-quruculuq işləri ilə tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərə səfərə dəvət edib.