Bu gün - 29 avqust azərbaycanlı jurnalist, birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayevin doğum günüdür.  

Unikal.org xəbər verir ki, bu gün şəhid jurnalistin 61 yaşı tamam olur. Çingiz Mustafayev 29 avqust 1960-cı ildə, Həştərxan vilayətində (SSRİ) anadan olub. 

Onun Xocalı soyqırımı haqqında çəkdiyi film ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. 

Ç.Mustafayev Azərbaycanın ilk yenilikçi gənclərindən biri idi. 

O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Lakin o, öz ölümünü saniyəbəsaniyə lentə alıb.

Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkməyə getmişdi:

"Minaatandan açılan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralanıb. Zərbə nəticəsində onun sağ ayağının bud sümüyündən arterial damarı zədələnmişdi. Sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişən Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi".

Qeyd edək ki, Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. 

Bu gün onun adı Azərbaycan jurnalistikası ilə bir çəkilir. Adına sənədli filmlər, musiqilər, fondlar və s. yaradılıb. Ölümündən sonra dövlət səviyyəsində təltif edilib. 

Hətta onun adına Şahdağın 4062 metr yüksəkliyində yerləşən "Çingiz zirvəsi" onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Hazırda zirvədə onun adını daşıyan lövhə var.

Allah rəhmət eləsin!

Ağarza Elçinoğlu