Bu gün şəhid İbrahim Lələyevin doğum günüdür.

Unikal.org xəbər verir ki, İbrahim 1996-cı il 25 avqustunda Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2002-2014-cü illərdə E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb.

İ.Lələyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Azərbaycan ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Lələyev oktyabrın 8-də Füzuli şəhəri uğrunda aparılan döyüşlər zamanı şəhid olub. O, Masallı rayonunda dəfn olunub.

İ.Lələyev Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda" və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.