Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən Unikal.org-a daxil olan müraciətdə deyilir:

"Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə!

Tərəfdaş qurumlar tərəfindən verilmiş rəsmi məlumata istinad edərək bildiririk ki, Rusiya Federasiyasının (RF) “Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında” federal qanunvericiliyində dəyişiklik edilib.

Belə ki, hazırda qüvvədə olan dəyişikliyə əsasən, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi Rusiya Federasiyasının (RF) dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduğu zaman həmin nəqliyyat vasitəsilə əvvəllər RF ərazisində törədilən inzibati xətaya görə nəzərdə tutulan inzibati cərimənin ödənilməməsi halı aşkarlanarsa, qeyd olunan nəqliyyat vasitəsinin RF ərazisində hərəkətini davam etdirməsinə yalnız sözügedən inzibati cərimənin ödənilməsindən sonra icazə verilir.

Xarici daşıyıcı və ya onu təmsil edən nümayəndə nəqliyyat vasitəsi Rusiya Federasiyasının dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduqdan sonra 3 saat ərzində inzibati cərimə öhdəliyini yerinə yetirməlidir. Əks təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisindən xaric edilməsi üçün qanunla müəyyən olunmuş tədbirlər görüləcəkdir.

Bununla yanaşı, sözügedən qanunun müvafiq müddəalarının qüvvəyə minəcəyi 2021-ci il 7 iyul tarixindən etibarən eyni qaydaların Rusiya Federasiyasını tərk etmək istəyən xarici daşıyıcıya məxsus nəqliyyat vasitələrinə də şamil olunacağı nəzərdə tutulub. Yəni, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsilə Rusiya Federasiyasının ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulan inzibati cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisini tərk etməsinə məhdudiyyət tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin rəsmi internet səhifəsində (гибдд.рф) xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ödənilməmiş inzibati cərimələri haqqında məlumat əldə etmək imkanı yaradılıb".