Aprelin 21-dən 23-dək Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin ev sahibliyi ilə “Cəzaçəkmə müəssisələrində texnologiya” mövzusunda konfrans keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, konfrans Beynəlxalq İslah və Həbsxanalar Assosiasiyası (ICPA) ilə Avropa Həbsxana və İslah Xidmətləri Təşkilatı (EuroPris) tərəfindən birgə təşkil olunub.

Bir sıra ölkələrin ədliyyə orqanlarının, həbsxana və probasiya xidmətləri üzrə rəhbər şəxslərin, beynəlxalq təşkilat nümayəndələrinin, cəza-icra siyasəti üzrə mütəxəssislərin, akademik və elmi tədqiqatçıların iştirak etdikləri tədbirdə Azərbaycanı ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Panel iclas və paralel işçi sessiyalar şəklində davam edən tədbirdə smart texnologiyaların həbsxanalara inteqrasiyası, məhkumların və həbsxanaların müasir texnologiyalarla və süni intellektlə idarə edilməsi, rəqəmsal reabilitasiya, ağıllı həbsxana mövzularında müxtəlif ölkələrin təcrübələri barədə çıxışlar dinlənilib və məlumatlar verilib.

Tədbirdə müxtəlif ölkələrin və şirkətlərin cəza-icra prosesində tətbiq etdikləri texnoloji vasitələr və yenilikləri əks etdirən stendlərdən ibarət geniş sərgi keçirilib.

Səfər çərçivəsində Türkiyə Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım ilə ikitərəfli görüş keçirilib. Görüş çərçivəsində ədliyyə, xüsusilə penitensiar xidmət sahəsində əməkdaşlıq müzakirə olunub, müsbət təcrübə bölgüsü həyata keçirilib, əlaqələrimizin inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanıb.

Konfransın proqramına uyğun olaraq nümayəndə heyəti yeniyetmələr üçün Maltəpə qapalı həbsxanasında olub.

Eyni zamanda, açıq tipli Maltəpə həbsxanasına baş çəkib. Müəssisələrin quruluşu, infrastrukturu, təhlükəsizlik sistemləri, istehsalat sahələri, məhkumların saxlanma şəraiti, islah prosesi, təhsili və əl işləri ilə tanış olub.