Ermənistanda Ter-Petrosyan müəmması
Ermənistanda Ter-Petrosyan müəmması

Və ya simasız: siyasi makiyaj haqqında bəzi fikirlər

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan hələ susur. O, 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı heç bir açıqlama vermir. Erməni Milli Konqresinin liderinin sükutu o qədər də primitiv məsələ deyil. Belə ki, EMK sədrinin susqunluğu erməni müxalifətindəki dağınıqlığı, təşvişi və narahatlığı daha da gücləndirir, destruktiv rol oynayan amilə çevrilir.

Əvvəla, ona görə ki, Levon Ter-Petrosyan hakimiyyətdən gedəndən, daha doğrusu, istefaya vadar ediləndən bəri prezident seçkilərində həmişə ən güclü namizədlərdən biri sayılıb. Bu səbəbdən də onun prezident seçkilərində iştirak edib-etməməsi Ermənistandakı daxili siyasi proseslərə ciddi təsir etməklə yanaşı, müxalifət müstəvisindəki qüvvələr nisbətini də dəyişə bilər.
Levon Ter-Petrosyanın siyasi proseslərin obyekti qismində çəkisi o qədər də çox deyil. Daha doğrusu, əvvəlki illərdən fərqli olaraq indi onun nüfuzu, kütlə arasında populyarlığı və potensial elektoratın verə biləcəyi dəstək sarıdan mövqeləri zəifdir. Hətta çox zəifdir.
Yerevandakı proseslərə kənar qüvvələrin, daha konkret olsaq, Rusiya və İranın ciddi təsirini nəzərə alanda Ermənistanda keçiriləcək prezident seçkiləri həmin dövlətlərin maraqlarının təminatı baxımından sınağa çevriləcək. Sınayan isə Ermənistanı Moskva və Tehrandan asılılıqdan qurtarmağa çalışan ABŞ ilə Avropa Birliyi olacaq. Həmin sınaq illərdən bəri davam edir və son ayların hadisələri göstərir ki, Ermənistan siyasətində ciddi korrektələr dövrünə çox qalmayıb.
Vaşinqton Cənubi Qafqazda Rusiyanın yeganə strateji müttəfiqi, Moskvanın bölgədəki əyaləti funksiyasını həvəslə və könüllü yerinə yetirən Ermənistan rəhbərliyinin yürütdüyü abdal siyasətə son qoymaq, ermənilərin Qərbə meylli istəklərinin çağdaş dünya çağırışlarına uyğunlaşdırılaraq bu ölkədə demokratiyanın bərqərar olmasına çalışmaqdadır.
Avropa Birliyinin də Ermənistanla bağlı məqsədləri və planları arasında ilk yeri erməni müxalifətçiləri arasında avrointeqrasiya meylli siyasət yürüdənlərin, belə mövqe tutanların gücləndirilməsi, Yerevanın indiki kənar təsirlər orbitindən çıxarılaraq normal dövlətçilik siyasəti yürüdən paytaxt halına gətirilməsi tutur. Çünki xarici siyasəti ifrat millətçilik, işğalçılıq, terrorun dövləti strategiyası səviyyəsinə qaldırılması, şovinizm olan Ermənistan artıq bir dövlət kimi məhvə doğru gedir.
Dünya xəritəsində çox dövlətlər yaranır, yaşayır və dağılır. Fəqət Ermənistanın məhvi regiondakı dövlətlərlə yanaşı, Avropa üçün də təhlükə olduğundan Brüssel bu xəstə orqanizmi, can verməkdə olan məxluqu ölməyə qoymaq niyyətində deyil. Belə şəraitdə stavkalar və ümidlər təbii ki, hakimiyyətdə qalmaq üçün malik olduğu hər şeyi hərraca çıxarmağa, dövlətin maraqlarını və millətin mənafeyini satmağa hər an hazır Serj Sarkisyan yox, ona alternativ qüvvələrdir.
Serj Sarkisyannın komandasının prezident seçkilərinə hazırlığa başladığı və indiki dövlət başçısının hakimiyyətdə qalmasının təminatı üçün bütün vasitələrə əl ataraq qüvvələrini səfərbər etdiyi bir zamanda müxalifət düşərgəsindəki dağınıqlıq, vahid namizəd məsələsi ilə bağlı müzakirələrin çox passiv aparılması, kriminal oliqarxiyanın şərtləri çərçivəsində kuluar danışıqlarına gedən müxalifət liderlərinin sayının azalmaması, habelə vətəndaşların müxalifət qüvvələrinə olan inamının azalması - bütün bunlar siyasi qüvvələr nisbətində iqtidara əks düşərgədə durmuşların nəyə qadir oludqalarını aşkar göstərməklə yanaşı, onların perspektivlərindən də xəbər verir.
EMK lideri ötən ilin ortalarından bəri radikal siyasətçi, müxalifətin faktiki lideri imicini itirib, hakimiyyətlə dəfələrlə sövdələşmələrə gedib, parlament seçkilərində mandatlar qazanmaq üçün Sarkisyan iqtidarının ssenarisi üzrə "hakimiyyət-müxalifət" dialoqunun passiv oyunçusuna da çevrilib. Ermənilər bunları unutmayıblar və çətin ki, Ermənistanın ilk prezidenti susanda və mövqelərini açıqlamayanda müxalifətin digər təmsiçiləri, habelə Ter-Petrosyanın tərəfdaşları da düşündüklərini və etmək istədiklərini açıqlamaq fikrindən məcburi olaraq vaz keçirlər.
Situasiya yetərincə primitivdir. Levon Ter-Petrosyan prezident seçkilərinə indiki dövlət başçısı Serj Sarkisyana rəqib olmaq və mübarizəyə namizəd qismində qatılmaq fikrində olarsa, təbii ki, onun komandasından kimsə namizədliyini irəli sürməyəcək. Müxalifət düşərgəsinə gəldikdə isə Sarkisyan iqtidarı ilə sövdələşmədə olmayan adamlar arasında kiminsə Ter-Petrosyanı üstələmək fikrinə düşməsi ağlabatan deyil.
Ona görə də Ter-Petrosyan susmaqla, mövqeyini açıqlamamaqla müxalifət sıralarında olan, namizədlik barəsində düşünən insanları naçar vəziyyətdə qoyur, potensial namizədlərə çətinliklər yaradır. Axı onlar seçkilərə namizəd qismində qatılmaq fikrinə düşsələr, böyük işlər görməlidirlər: komanda formalaşmalı, qərargahlar yaradılmalı, mübarizə taktikası hazırlanmalıdır və s.
Ter-Petrosyanın sükutunun müxalifətə zərbə vurmaq məqsədi güddüyünü düşünmək sadəlövhlük olardı. Belə fikir olmasa belə, sabiq prezidentin davranışı müxalifət üçün yetərincə problem mənbəyinə çevrilə bilər. Yaşananlar Sarkisyan iqtidarına da sərf edir. Çünki prezident seçkiləri ilə bağlı vəziyyət aydın deyilsə, hakimiyyətin kreaturasından savayı kimsə nə edəcəyini bilmir.
Ter-Petrosyanın sükutu onunu başçılıq etdiyi Ermənistan Milli Konqresi və müxalifətlə yanaşı, özünü müxalifət kimi təqdim etməyə çalışan kollabrisionist "Çiçəklənən Ermənistan" Partiyasına da problemdir.
Sabiq prezident Robert Köçəryanın yaratdığı və idarə etdiyi, oliqarx Qagik Sarukyanın isə sədr olduğu "Çiçəklənən Ermənistan" Partiyası əslində fəaliyyət göstərən siyasi fiksiya olsa da, öklədəki hadisələrə az-çox təsir imkanlarına malikdir. Köçəryanın məqsədi prezident seçkilərində Serj Sarkisyanın "qələbə"sinə imkan verməmək və onu hakimiyyətdən kənarlaşdırmaq olduğundan, sözügedən partiya mütləq Ter-Petrosyanın seçkilərə qatılmasını istəyir.
Belədə iqtidarın zərbələri ÇEP-dən daha çox, radikal müxalifətin seçkilərdə təmsilçisinə çevriləcək Ter-Petrosyana yönələcək, mübarizə indiki və sabiq prezident arasında gedəcək, yaranacaq vəziyyətdən də Köçəryan həmişə olduğu kimi, kənar müşahidəçi statusunda mütləq yararlanacaq.
Sarukyanın prezident olması qəliz məsələdir, amma ÇEP-in ideoloqlarından biri Vardan Oskanyanın coker qismində seçki mübarizəsinə atılması istisna deyil.
Oskanyan bəlkə də belə mübarizəni istəmir: amma onun fikri və mövqeyi nə Sarukyanı, nə də Köçəryanı dərindən maraqlandırmır. Köçəryanın məqsədi müxalifət düşərgəsində müttəfiqlər qazanaraq "Çiçəklənən Ermənistan" Partiyasının odioz imicini yaxşılaşdırmaq deyil. Belə məqsəd irrealdır. Ermənistanda yaşayan hər kəs Sarukyanın kimliyini, onun pullarını cinayətkarlıqla qazandığını və ölkədəki kriminal elementlər cədvəlində önəmli yer tutaraq inhisarlaşmış iqtisadiyyatın axırına çıxan adamlardan biri olduğunu bilir.
Ermənilərin əksəriyyəti bu adama nifrət edir və onun partiyasında olanlar, partiyanın namizədlərinə səs verənlər də sırf merkantil maraqların daşıyıcıları kimi davranırlar. Oskanyan isə əksinə, Ermənistan cəmiyyətində zədəli olsa da, nüfuza malikdir və əgər o, prezident seçkilərinə qatılarsa, səslərin xeyli qismini Ter-Petrosyandan ala bilər. Bir şərtlə ki, Ter-Petrosyanın özü seçkilərdə namizəd olsun. Olmasa, Vardan Oskanyanın prezident Serj Sarkisyanla qarşıdurması, mübarizəsi və ya sərt münaqişəsi zəif ehtimal kimi dəyərləndirilməlidir.
Sarkisyan iqtidarı üçün Oskanyanı mübarizədən kənarlaşdırmaq, bu da alınmasa onu üstələmək Ter-Petrosyanın öhdəsindən gəlməkdən daha asan olduğundan təbii ki, hadisələrin belə inkişafı üçün səylər göstərilir.
Yerevan iqtidarı üçün indiki formadakı "Çiçəklənən Ermənistan" Partiyası və Erməni Milli Konqresi sərfəlidir: axı bu təşkilatlar vətəndaşları küçə aksiyalarına çağırırlar. Ermənistan təki çürümüş siyasi sistemə malik ölkələrin hakimiyyətləri üçün küçə aksiyaları ilə müqayisədə vətəndaş itaətsizliyi daha təhlükəlidir. Belə hakimiyyətlər şəhərin mərkəzi küçələri və meydanlarındakı aksiyalar, mitinqlər və yürüşlərə qarşı dəqiq immunitetə malikdir.
Avropa ölkələrində bu yaxınlarda keçirilmiş geniş etiraz yürüşləri də nəticəsiz qaldı və qalmalıydı da. Aksiyalar yasaq deyil, hətta vətəndaşların cəmiyyətin qaynayan qazanından bir qədər buxar buraxmaq, beş-on dükanı yandırmalarına da hakimiyyət göz yumur.
Fəqət küçə aksiyaları ilə siyasi qərarların arasında əlaqə hətta Avropanın demokratik ölkələrində də yoxdur.

Ona görə də Ermənistanda əhalinin əksəriyyəti küçələrə çıxmasa, Erməni Milli Konqresinin aksiyaları heç bir nəticə verən deyil.
Serj Sarkisyanın bandasını hakimiyətdən kənarlaşdırmaq üçün Ermənistanın vətəndaş itaətsizliyinə, indiki rejimin gəlir mənbələri olan banklar, hasilat sahəsi və ixracı sabotaj etməkdir. İlk addım prezident seçkilərinin boykotu olmalıdır. Əgər Sarkisyan iqtidarı bu dəfə də "seçicilərin aktiv iştirak"ını təmin edə bilərsə, onda ölkədəki alternativ vətəndaş hərəkatları və müxalifət partiyaları mübarizəni daha 5 il unuda bilərlər.
Acı olsa da, belədir.

Novruz Sultanov