Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks üzrə turnir keçirilib. Orta çəki dərəcəsində mübarizə aparan Azərbaycanlı boksçu İsmət Quliyevin (72,5 kq)  rəqibi macar döyüşçü Gergo Vari olub. Ümumilikdə peşəkar karyerası ərzində 6-cı döyüşünü keçirən İ.Quliyev G.Variyə texniki nokautla qalib gəlib. 

İdmançı Unikal.org-a qələbəsini belə şərh edib:

"Əsasən hücum taktikasını seçmişdim. Rəqibimə təzyiq nəticəsində ikinci raundda texniki nokautla qalib gəldim.  Bununla da 6-cı qələbəmi də nokautla qazandım". 

İsmət Quliyev peşəkar boksçu kimi sponsorsuz qalmasından da gileylənib. O maddi dəstəyin olmamasının peşəkar boksçuların idman karyerasına mane olduğunu vurğulayıb:
"Təəssüf edirəm ki, bü cür beynəlxalq, reytinqli yarşlara öz gücümüzə gedirik. O da hər zaman imkan olmur". 

Qeyd edək ki, idmançımızın rəqibi özündən qat-qat təcrübəli olub. Gergo Vari  peşəkar rinqdə 47 döyüş keçirib. 

İsmət Quliyev və Gergo Varinin döyüşü Rusiyanın "Boets" kanalı vasitesi ilə canlı yayımlanıb.